Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qəbələ" Bakıda PAOK ilə qarşılaşıb. Newsport.az xəbər verir ki, oyunun gec başlamasını nəzərə alan əyalət klubu Bakı Metropoliteninə müraciət edərək, iş vaxtının uzadılmasını istəmişdi.
Qarşı tərəf də buna müsbə cavab verərək iş vaxtını 01.30-a qədər artırmışdı. Amma təəssüflər olsun ki, metro göstərilən vaxtdan tez bağlanmışdı.
Buna aydınlıq gətirməyə çalışan "Qəbələ" rəsmi "facebook" səhifəsində məsələ ilə bağlı açıqlama yayıb. Bu açıqlamanı olduğu kimi sizə təqdim edirik:
"UEFA Avropa Liqası çərçivəsində keçirilmiş "Qəbələ" - PAOK matçının gec saatlarda başa çatacağını nəzərə alan klubumuz oyundan öncə Bakı Metropoliteninə müraciət edərək, iş rejiminin saat 01.30-a qədər davam etməsi ilə bağlı razılıq əldə etmişdi. Saat 23.50-də başa çatan oyundan sonra saat 01.00-a qədər metronun giriş, 01.40-a qədər çıxış qapıları açıq olmuşdur. Yaranmış anlaşılmazlıqla bağlı, bildiririk ki, metropolitenin mətbuat xidmətinin klubumuza verdiyi məlumata görə, giriş qapılarının saat 01.00-da bağlanmasına səbəb sərnişinlərin metroya gəlməməsi olmuşdur.
Klubumuz komandanın növbəti matçlarında da azarkeşlərin stadiona rahat gediş-gəlişi üçün lazımi tədbirlər görəcək".