“Bizim üçün nəticə əsas məqsəd deyildi” Elgiz Kərimli

Azərbaycan U-19 millisinin baş məşqçisi Elgiz Kərimli Newsport.az-a açıqlama verib.
 
Gənc mütəxəssis açıqlamasında U-19 millisindəki təyinatından, Gəncədə keçirilən təlim-məşq toplanışından və komandanın gələcək planlarından danışıb.
 
Kərəmli həmçinin futbolçuların hazırlığı, heyət seçimi və qarşıdakı dövrdə həyata keçirməyi planlaşdırdığı işlərlə bağlı fikirlərini bölüşüb.
“İlk toplanışımızı iki mərhələdə  təxminən 35 futbolçunun iştirakı ilə keçirdik. Bu mərhələlərdə  həm əvvəldən tanıdığımız  həm də komandaya yeni qoşulan futbolçular  özlərini göstərmək şansı qazandılar. 
 
Əsas məqsədimiz mümkün qədər çox futbolçunu yaxından görmək, onların imkanlarını qiymətləndirmək və komandamız üçün düzgün seçimlər etmək idi.
 
Toplanış çərçivəsində üç oyun keçirdik və hər üç qarşılaşma heç-heçə başa çatdı. Amma bizim üçün nəticə əsas məqsəd deyildi. Əsas məsələ bütün futbolçulara kifayət qədər oyun vaxtı vermək və onların real oyun şəraitində özlərini göstərmələrinə imkan yaratmaq idi. Bu baxımdan oyunlar bizim üçün faydalı oldu. Hər bir futbolçunun fərdi keyfiyyətlərini, komandaya uyğunluğunu və verdiyimiz tapşırıqları nə dərəcədə yerinə yetirə bildiyini görmək imkanımız oldu”.
 
Çalışdırıcı komandanın oyun üslubu barədə danışıb: “Komandanın oyun üslubu ilə bağlı təyin etdiyimiz bir  təsəvvürümüz var. Oyun planımızı qismən də olsa həyata keçirməyə çalışdıq. Bəzi məqamlarda istədiklərimizi gördük, bəzi məqamlarda isə hələ üzərində ciddi işləməli olduğumuz çatışmazlıqlar var. Bu, ilk toplanış üçün normaldır. Qarşıda görüləsi çox iş var, amma təəssüf ki, bunun üçün zamanımız məhduddur.
 
Əsas çətinliklərdən biri odur ki, hazırda düşündüyümüz heyətlə tam şəkildə birlikdə işləyə bilmirik. Bəzi futbolçularımız digər yığmaların heyətində beynəlxalq oyunlarda iştirak edirlər. Bu səbəbdən bütün futbolçuları eyni vaxtda bir araya gətirmək və oyun modelimiz üzərində tam heyətlə işləmək imkanımız məhduddur.
 
Gələcək planımız İlk növbədə düzgün heyəti formalaşdırmağa çalışacağıq. Seleksiya prosesində gördüyümüz futbolçuları yenidən qiymətləndirəcəyik və komandaya lazım olan profilləri müəyyənləşdirəcəyik. Eyni zamanda oyun planımızı daha dəqiq şəkildə formalaşdırmalı və futbolçuların bu plana uyğunlaşmasını təmin etməliyik. Qarşımızda çox iş var. Əsas məqsədimiz mövcud zamanı maksimum səmərəli istifadə etmək və beynəlxalq oyunlara mümkün qədər hazırlıqlı çıxmaqdır”.
 
Qeyd edək ki, U-19 milli komandamız toplanışda 3 yoldaşlı görüşü keçirib. Yığmamız əvvəlcə “Kəpəz”in əvəzedici heyəti ilə oynayıb və 1:1-lik bərabərlik qeydə alınıb. Daha sonra Birinci liqa təmsilçisi “Gəncəbasar”la 2:2-lik heç-heçəyə imza atıb. Bu gün isə “Kəpəz”in əsas komandası ilə oyunda 2:2-lik bərabərlik olub. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right