Azərbaycanın futbol millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasında Litva ilə səfər oyunundan (1:1) sonra fikirlərini bölüşüb.
Newsport.az xəbər verir ki, 29 yaşlı futbolçu jurnalistlərlə söhbətində nəticəni ədalətli hesab etdiyini bildirib: “Belə deyək, müəyyən mənada nəticə ədalətli oldu. Epizodları təhlil etsək, biz qalib gələ bilərdik, amma rəqib də qələbə qazana bilərdi. Baxmayaraq ki, yüzfaizlik qol imkanlarımız daha çox idi. İlk hissədə topa daha çox biz nəzarət edirdik.
Bu, yeni mərhələdə ilk oyunumuz idi. Bəzi məqamlarda diqqətsiz oynadıq. Top rəqibə keçdi. Buna baxmayaraq, onların real qol epizodunu xatırlamıram. Bəzi texniki səhvlərə yol verdik ki, bu da normaldır. Bir qədər məyusam, çünki qalib gələ bilərdik. Qalib gəlmək istəyirdik. Xüsusilə də belə bir gündə”.
M.Emreli fasilədə baş məşqçi Ayxan Abbasovun komandanın buraxılan qola reaksiyasını vurğuladığını deyib: “Ayxan Abbasov buraxdığımız qoldan sonra reaksiyamızı vurğuladı. Başımızı aşağı salmadıq. Hesabı bərabərləşdirəcəyimizə inanırdıq. Əsas məsələ oyunu, xüsusilə müdafiədə, səhvsiz davam etdirmək və özümüz ikinci qolu vura bilməsək belə, ikinci qolu buraxmamaq idi. Bu toplanış çərçivəsində qarşıda daha iki oyunumuz var. Bu iki matçda qələbə qazanmağa çalışmalıyıq”.
Millimizin bərabərlik qolunu vuran hücumçu bundan sonra komanda yoldaşları ilə birlikdə əsgər salamı verməsinin səbəbini də açıqlayıb: “Oyun günü məni motivasiya edən tarix idi – Vətən müharibəsinin başladığı gün. Belə günlər məni həmişə motivasiya edib, hətta “Qarabağ”da çıxış etdiyim vaxtlarda da. Buna görə hərbi salam verdim. Belə şeylər Avropada bəyənilmir, amma belə məqamda hissləri cilovlamaq çətindir. Belə bir gündə qol vurmağım sevindiricidir. Bu qol karyeramın ən yaddaqalan qollarından biri olacaq”.