“Bu oyun stadionda atmosfer hiss olunan matçlardan biri idi”
Newsport.az-ın məlumatına görə, bu sözləri “Borussiya”nın baş məşqçisi Tomas Tuhel deyib. Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edən Dortmund təmsilçisi böyük hesablı qələbə qazanıb – 4:0. Matçdan sonra keçirilən mətbuat konfransında Tuhel təbii olaraq, nəticə və komandasının sərgilədiyi oyundan razılığını dilə gətirib:
“İndidən fikrimizi qarşıdakı oyuna yönəltməliyikmi? Hələ bu barədə fikir bildirə bilmirəm. Sabahdan daha rahat danışa bilərəm. O ki qaldı görüşə, “Qəbələ”nin 4-4-2 taktiki sxemi ilə oynayacağını bilirdik. Yəni, rəqibin meydana 2 hücumçu ilə çıxacağını bilirdik. Amma matçın gedişində o hücumçular yerlərini dəyişdilər ki, bu da bizə müəyyən çətinlik yaratdı. İkinci hissədə bir qədər taktiki dəyişikliklər etdik. Bunun da nəticəsində daha 2 qol vurduq. Həm nəticədən, həm də oyundan razı qaldım”.
- Marko Roysu dəyişməyiniz nə ilə bağlı idi?
- İlk hissənin gedişində zədə aldı. Ayağında ağrı hiss etdiyini bildirdi. Buna rəğmən, ilk hissəni sona qədər oynamaq istədi. Fasilədə isə onu əvəzləməyə qərar verdim.
- “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Borussiya”nın Avroliqanın finalçılarından biri olacağını dedi. Əgər turnirin qalibi olmasanız, bu, sizin üçün möcüzə olacaqmı?
- Bəli, o da möcüzə olar (gülür).
- Bu gün komandanızın çıxışından tam razı qaldınızmı?
- Növbəti görüşdə “Şalke” ilə qarşılaşacağıq. Amma bu gün yalnız “Qəbələ” ilə oyun haqda düşünürdük. Rəqibi o qədər də yaxşı tanımırıq. Buna baxmayaraq, necə lazım idisə, oynadıq. Rəqibə hörmətlə yanaşdıq. 90-cı dəqiqəyə qədər enerjili oynadıq, topu rəqibə verməməyə çalışdıq. Sizin üçün asan görünən oyunlar, əslində çətin keçir.