"İlk hissəyə yaxşı başladıq. Normal hücumlar qurub vaxtında qol vurmağı bacardıq. İkinci hissənin əvvəlində niyə pressinq etdiyimizi anlamadım. Bu səbəbdən də lazımsız qol buraxdıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda "Monako" ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
O bildirib ki, üç xal qazanmalı olduqları oyunda heç nədən iki xal itiriblər:
"Bizim vacib iki oyunumuz qalıb. Biri səfərdə "Anderlext"lə, digəri isə doğma meydanda "Tottenhem"lə. Bu oyunlarda hücumlar edib qələbə qazanmaq lazımdır".
İ.Şehiç "Monako"nun qol vurduğu epizodda oyundan kənar vəziyyətin olmadığını vurğulayıb:
"Epizoda təkrar baxdıq. Orada oyundan kənar vəziyyət yox idi. Bizim müdafiəçilərin həmin epizodda nəyi gözlədiyini başa düşmədim. Nəticədə rəqib bundan istifadə edib qol vurdu”.