Bakıda, "Gənclik" metrostansiyasının yaxınlığında toplaşmışdıq. Qarşıda bizi düz 10 saatlıq səfər gözləyirdi. Əvvəlcə, özünün dediyinə görə, 7 dəfə Məkkəni ziyarətə gedən yaşlı sürücünün idarə etdiyi avtobusda, daha sonra isə AZAL-ın par-par parıldayan təyyarəsində.
Qəbələ şəhər aerportuna təyin olunandan 15-20 dəqiqə gec çatmağımız səbəbindən heç ətrafa göz gəzdirməyə imkanımız olmadı. Çünki qısa müddət ərzində 70-dən artıq sərnişini nəzarət-buraxılış məntəqəsindən yola salmalı olan nəzarətçilər bizdən tələsməyə tələb edirdi. Komandanı gətirən avtobusun hava limanına çatmağına çox az qaldığından biz tez-tələsik gözləmə salonunu "boşaltmalıydıq". Bakı-Qəbələ yolundakı ləng davranışlarımıza baxmayaraq, hava limanında xeyli gümrah və çevik idik. Az sonra "qırmızı-qaralar" keçid məntəqəsinin o biri üzündə görünməyə başladılar.
Həmişə olduğu kimi, klubun meneceri Səbuhi Səfiyarlı ora-bura qaçır, futbolçuların sənədlərini, təyyarəyə minik talonlarını paylayır, eyni zamanda yüklərin baqaja göndərilməsi prosesisini sadələşdirməsi üçün aeroportun nəzarətçisini dilə tuturdu. Qriqorçuku gözlədiyimin əksinə çox sakit gördüm. Düşünürdüm ki, Bezotosnı kimi etibarlı "çərçivə" qoruyucusunu bu cür çətin səfər öncəsi itirən çalışdırıcı xeyli narahat və qayğılı görünəcək. Amma əksinə, Roman İosifoviç heç də gözlədiyim görkəmdə deyildi. Pasport nəzarətindən keçəndən sonra köməkçiləri ilə bir kənara çəkildi və çoxsaylı jurnalistlərin əhatəsinə düşən yetirmələrini müşahidə etməyə başladı. Futbolçulardan müsahibə alan təkcə biz deyildik. İlk baxışdan əcnəbi olduqları hiss olunan müxbir və operator da əllərində kamera-mikrofon ətrafda baş verənləri lenta alır, "hədəfə" tuş gələnlərdən söz qoparmağa çalışırdılar. Sonradan öyrəndik ki, onlar UEFA-nın əməkdaşlarıdır və "Qəbələ" haqqında xüsusi reportaj hazırlayırlar.
Elə ordaca öyrənirik ki, Qəbələdən gedənlərin heç birisi oyunun keçiriləcəyi Dortmund şəhərində məskunlaşmayacaq. "Borussiya"nın doğma şəhərində hansısa vacib konfrans keçirildiyindən bütün normal otellər tutulub. Ona görə də Dortmunda ayaq basan kimi nümayəndə heyəti üç yerə ayrılacaq. 4 saat 40 dəqiqəlik hava səyahəti tez keçdi. Görüntüsünə və sakitliyinə görə elə Qəbələdəki eyni adlı obyektlə müqayisə oluna biləcək Dortmund hava limanının qarşısında 3 avtobus bizi gözləyirdi. Birinci dayanan nəqliyyat vasitəsi biz jurnalistləri elə də uzaq olmayan Hagen şəhərindəki "Merkuri" otelinə gətirdi. "Qəbələ"nin loqosuyla bəzədiləni isə Bohuma, "Renaissance Bochum Hotel"ə doğru istiqamət götürdü. 3-cü avtobus isə Bakıdan gələn, sayları 20-dən çox olan azarkeşləri qalacaqları yerə aparmaq üçün ayrılmışdı.
Qarşıda bizi hər dəqiqəsi gərgin keçəcək bir oyun gözləyir. Çoxları nəticə üçün narahatlıq keçirir, bu qarşılaşmada heç bir şansımızın olmadığını düşünür. 90 dəqiqənin çətin olacağı haqda mübahisə etməyə dəyməz. Amma həmişə olduğu kimi, yenə də ümidliyik. Siz də ümidinizi itirməyin!
Amal ABUŞOV
sport7.az