“Xəzər Lənkəran” ötən gün Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirdi.
Newsport.az-ın məlumatına görə, Yunis Hüseynovun başçılıq etdiyi komanda Türkiyə Super Liqası təmsilçisi “Kasımpaşa”ya 2 cavabsız qolla məğlub oldu. Bu qarşılaşmayla bağlı “Xəzər Lənkəran”ın yeni transferi – hücumçu Vüqar Nadirov saytımıza açıqlama verdi:
“Oyunun pis keçdiyini deyə bilmərəm. Ağır məşqlərdən sonra ikinci oyunumuz idi. Rəqib də zəif komanda deyildi. Buna baxmayaraq, yaxşı oyun göstərdiyimizi deməliyəm. Çalışırıq ki, get-gedə oyunumuzu daha da yaxşılaşdıraq. Buna inanırıq.
Bir balaca qol vurmaqda çətinliklərimiz var. Ancaq komanda üzvləri bir yerdə olduqca buna da alışacağıq. Əsas odur ki, bunun üçün səy göstəririk”.