“Barselona” “Atletiko”nun hücumçusu Xulian Alvareslə danışıqlara görə tətbiq edilən 602 avro məbləğində cərimə ilə razılaşmayıb.
Newsport.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi cərimənin məbləğindən çox, prinsipial məsələyə görə apellyasiya şikayəti verməyi planlaşdırır. Klub rəhbərliyi hər hansı qayda pozuntusuna yol vermədiklərini və danışıqlar zamanı düzgün hərəkət etdiklərini düşünür.
Bildirilib ki, “Barselona” cəriməni gülünc hesab edir. Bununla belə, klub məsələni mənəvi və prinsipial baxımdan qiymətləndirərək ödəniş etməkdən imtina edir.
Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyası “Atletiko”nun şikayətindən sonra “Barselona”nı cərimələyib. Madrid klubu kataloniyalıların Xulian Alvareslə danışıqlar apararkən bu barədə futbolçunun çıxış etdiyi klubu məlumatlandırmadığını iddia edir. Reqlamentə əsasən, belə hallarda müvafiq qaydalara əməl olunmalıdır.