"Qarabağ" Misli Premyer Liqasının IX turunda səfərdə "Sabah"la 0:0 hesablı heç-heçə edib.
Newsport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı, yaxşı mübarizə, yaxşı dinamika var idi. Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış rəqib var idi. Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst oynayan rəqibimiz var idi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadı. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq. Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm.
- "Qarabağ"ın xeyli müddətdir ki, "Sabah"ı məğlub edə bilməməsi futbolçulara psixoloji təsir göstərirdi?
- Belə hallar olur. Amma normal prosesdir. Dünya futbolunda da olan hallardır. Bunu düşünməyərək oyuna hazırlaşmışdıq.
- Martin Zlomisliç nə vaxt sıraya dönəcək?
- Yəqin ki, qarşıdakı günlərdə məşqlərə başlayacaq.
- Martin nəyə görə sıradan çıxıb?
- Əzələ problemidir.
- Cəmi 3 əvəzetmədən istifadə etdiniz. Ehtiyat qüvvə istədiyiniz qədər yox idi, yoxsa necə?
- Düzünü desəm, hansısa dəyişiklikləri fikirləşdim. Amma temp elə idi ki, vaxtı saxlamaq, balansı çox pozmaq istəmədik. Oyun gedə-gedə düşünürdük ki, temp qalsın.
- Joni Montiel komandadan getmişdi, geri qayıtdı...
- Zədəlidir. "Neftçi" ilə matçda son dəqiqələrdə əzələ ağrısı hiss etmişdi. Bu həftə məşqlərə qoşulmamışdı.