Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz” səfərdə “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib.
Newsport.az xəbər verir ki, qarşılaşmadan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov mətbuat konfransında oyunu dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.
– Bu oyuna bəzi itkilərlə çıxmışdıq, zədəli futbolçularımız var idi. Ağır oyun olacağını bilirdik. Birinci hissədə daha yaxşı idik və hesabı açmağa layiq idik. Sadəcə, sonluğu gətirə bilmədik. İkinci hissənin əvvəlində komandamız sanki “oturdu”, “Şəfa” təzyiq göstərdi və qapımızda qol gördük. Daha sonra sistemdə bəzi dəyişikliklər etdik. Bu da komandamıza fayda verdi. Futbolçularımızın yaxşı oyunu sayəsində qələbə qazandıq.
– Komanda ilk dördlüyə yaxınlaşsa, rəhbərliklə hədəflərlə bağlı müzakirələr aparıla bilər?
– Hazırda komandamızın uğurlu seriyası var. Düşünürəm ki, futbolçular çəkdikləri əziyyətin bəhrəsini görürlər. Etiraf edim ki, topladığımız xallara və turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, daha çox işləməliyik. Çatışmazlıqlarımız var və onların üzərində çalışmalıyıq.
Sevindirici haldır ki, futbolçular oyundan-oyuna bir-birinə daha yaxşı uyğunlaşırlar. Oyunumuzda irəliləyiş var, amma daha artığını bacara bilərik. Qış fasiləsinə qədər belə davam etsək, bu, bizim üçün böyük uğur olacaq. Bəli, transferlər etmək istəyirik. Ancaq yüksək yerlər uğrunda mübarizə aparmağa hələ hazır deyilik.
– Son illərdə autsayder olan “Kəpəz”in hazırda iddialı mövqedə olmasını nə ilə əlaqələndirirsiniz? Bu, azarkeşlərin komandaya inamı ilə bağlıdır?
– Fürsətdən istifadə edərək, uzun yol qət edib bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onların dəstəyini hiss edirik və nəticələrimizdə bunun rolu danılmazdır.
“Kəpəz”in hər mövsüm Premyer Liqada qalmaq uğrunda mübarizə aparması daha geniş problemdir. Komandanın heyəti hər il dağılır, sonra yenidən formalaşdırılırdı. Rəhbərlikdə də dəyişikliklər olurdu və klubda sabitlik yox idi.
Güman edirəm ki, rəhbərlik sabitliyi təmin edəcək. Hazırda “Kəpəz”də sağlam və sistemli iş qurmağa çalışan insanlar var. Biz də məşqçilər və futbolçular olaraq bu işin bir parçasıyıq.
İşlər bu şəkildə davam etsə və sponsor dəstəyi olsa, “Kəpəz” ildən-ilə daha fərqli olacaq. Klub əvvəlki güclü günlərinə qayıda bilər.
– Qələbələrə görə verilən mükafatlar büdcəyə təsir etmir?
– Mükafatların verilməsi üçün müəyyən məbləğ ayrılmışdı. Amma etiraf edim ki, 8-ci tura qədər qazanılan qələbə və heç-heçələrin sayı nəzərə alınaraq həmin məbləğ tənzimlənməmişdi. Onu da deyim ki, artıq həmin məbləğin böyük hissəsini futbolçular öz əməkləri ilə qazanıblar.
Bəli, bunun büdcəyə təsiri var. Amma rəhbərliyimiz çalışır ki, imkanlar daxilində komandaya maksimum mükafat verilsin.