“Barselona”nın futbolçusu Lamin Yamalın atası Münir Nəsraui “Qızıl top”un təqdimetmə mərasiminə yollanmazdan əvvəl qalmaqal yaradıb. “Cronica Global”ın sosial şəbəkələrdəki şahid ifadələrinə istinadən yaydığı məlumata görə, o, Barselona hava limanının gözləmə zalındakı kafedə işçilərlə mübahisə edib və hadisəyə Mülki Qvardiyanın əməkdaşları müdaxilə etməli olublar.
Mübahisəyə Nəsrauinin gödəkçəsini qadağan olunmuş yerə asması səbəb olub. Kafe əməkdaşlarından biri ondan gödəkçəni götürməsini istəyib, lakin mübahisə böyüyüb və Nəsraui ofisiantın üzünə tüpürüb. Hadisə zamanı mübahisəni sakitləşdirməyə çalışan şahidə zərbə endirən Nəsraui stul da qaldırıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra o, sakitləşib və Londona uçmaq üçün təyyarəyə maneəsiz buraxılıb.