UEFA Gənclər Liqasının oyununda “Qarabağ”ın U-19 komandası doğma meydanda “Dinamo” (Zaqreb) ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
Newsport.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Rəşad Sadıqov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
O, rəqibin Avropanın ən güclü akademiyalarından birini təmsil etdiyini bildirib:
“Doğrudan da, ciddi və güclü rəqiblə qarşılaşdıq. Buna baxmayaraq, komanda ötən illə müqayisədə bu mövsüm daha yaxşı mübarizə aparır. Futbolçularımız hücumlar qurur, qol vurur. Sadəcə, bəzi epizodlarda boşluqlar veririk və rəqib bundan istifadə edir.
Ötən mövsüm UEFA Gənclər Liqasında çıxış edərkən rəqiblərimizlə yaş fərqimiz var idi. Onlar əsasən 2006-cı il təvəllüdlü futbolçularla oynayırdılar, biz isə heyətimizdə 2008, 2009 və 2010-cu il təvəllüdlü oyunçulara da şans verirdik. Düşünürəm ki, bu təcrübə futbolçularımızın inkişafına kömək edib.
Hazırda Çempionlar Liqasında belə rəqiblərə qarşı qorxmadan oynayır, hücumlar qurur və rəqabət aparırıq. Hesabdan asılı olmayaraq, komandamızın bu səviyyədə mübarizə aparmaq gücü var”.
Baş məşqçi ilk hissə ilə müqayisədə ikinci yarıda komandanın oyununda müəyyən enişin yaşanmasını fiziki yorğunluqla əlaqələndirib. O, komandanın cəmi üç gün əvvəl çempionat oyununa çıxdığını və qısa müddətdə eyni heyətlə yenidən meydana çıxmağın futbolçular üçün çətin olduğunu söyləyib.
Rəşad Sadıqov oyunçuların təhsil və məşq qrafikinin də sıx olduğunu vurğulayıb:
“Bəzi futbolçularımız məktəbdə və ya universitetdə dərslərdən sonra birbaşa məşqə gəlirlər. Yorğunluğa baxmayaraq, uşaqların bu cür güclü rəqibə qarşı mübarizə aparması böyük nailiyyətdir.
Yerli çempionatla Avropa futbolu arasında ciddi fərq var. Daxili çempionatda komandamız daha çox dominant oyun nümayiş etdirir, hücum edir. Avropada isə rəqiblər daha intensiv oynayır, yüksək təzyiq göstərir və daim hücum etməyə çalışırlar. Buna görə də belə qarşılaşmalar futbolçularımızın inkişafı baxımından çox vacibdir”.