Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Zirə” “Sabah”ı qəbul edib. Əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatan qarşılaşmada penaltilər seriyasında “Zirə” qalib gəlib.
Newsport.az xəbər verir ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuata açıqlama verib.
Mütəxəssis komandasının qol imkanlarından yararlana bilməməsinə təəssüfləndiyini bildirib:
“Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir. Futbolçularıma kubok oyununda bizi nələrin gözlədiyini əvvəlcədən izah etmişdim. “Sabah” Yüksək Liqa təcrübəsi olan futbolçulara sahib, yaxşı formalaşmış komandadır.
Düşünürəm ki, həm birinci hissədə, həm də ikinci hissənin əvvəlində oyunun taleyini həll edə bilərdik. Çoxsaylı qol imkanlarından yararlana bilmədik. Təəssüf ki, bu problem təkrarlanır və hələlik həll edə bilmirik. Rəqib son dəqiqələrdə qol vuraraq oyunu əlavə vaxta daşıdı. Əlavə vaxtda da gərgin mübarizə getdi və sonda penaltilər seriyasında qalib gəldik.
PFL-dən xahişim odur ki, oyun qrafiki tərtib olunarkən belə məqamlar nəzərə alınsın. Kubokda 120 dəqiqə davam edə biləcək qarşılaşmadan cəmi üç gün sonra “Sumqayıt”la oynayacağıq. Ardınca səfərdə Gəncə təmsilçisi ilə görüşümüz var. Sıx qrafik və heyətlə bağlı problemlər fonunda komandaların bərpası üçün daha çox vaxt ayrılması yaxşı olardı.
Belə oyunlar komandanı gücləndirir, futbolçularda möhkəm xarakter formalaşdırır. Əsas məsələ qol imkanlarından yararlana bilmədikdə ruhdan düşməmək və mübarizəni sona qədər davam etdirməkdir. Sevindirici haldır ki, futbolçularımız sonadək xarakter nümayiş etdirdilər və sonda qalib gəldik”.