Çin Mərkəzi Televiziyası (CCTV) Madrid “Real”ının hücumçusu Kilian Mbappenin iştirak etdiyi İspaniya La Liqası oyunlarının yayımını müvəqqəti dayandırıb. Newsport.az xəbər verir ki, yayımçı bununla yanaşı, Mbappenin yer aldığı bütün reklamları efirdən çıxarıb.
CCTV-nin saytından da fransalı futbolçu ilə bağlı bütün qeydlər silinib.
Bundan əvvəl Çin şirkətləri Mbappe ilə reklam müqavilələrinə xitam verməyə başlamışdı. Futbolçu müsahibələrindən birində ən sevdiyi “mem”in (internet zarafatı) onun üzünün rəqəmsal yolla müəyyən bir “Çin diktatoru”nun üzünün üzərinə yerləşdirildiyi şəkil olduğunu etiraf etmişdi. Son bir ildə internetdə ona “Diktator” ləqəbi yapışıb. Azarkeşlər hesab edirlər ki, o, həm “Real”, həm də Fransa millisində baş verən proseslərə ciddi təsir göstərir.
Vəziyyəti şərh edən Çin Xarici İşlər Nazirliyi bildirib ki, Çin xalqını təhqir edən sözlər və hərəkətlər təbii olaraq cəmiyyət tərəfindən rədd edilir və etirazla qarşılanır.
“Xiaohongshu” sosial şəbəkəsi isə milli hissləri təhqir edən hər hansı hərəkətin qəti əleyhinə olduğunu açıqlayıb. Platforma hazırda belə məzmunları aşkar edərək silir.