Azərbaycan İdman Akademiyası (ASA), Azərbaycan Tibb Universiteti və Çexiyanın Karlov Universiteti arasında üçtərəfli görüş keçirilib.
Newsport.az xəbər verir ki, Karlov Universitetində baş tutan görüşdə ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva, Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev və Karlov Universitetinin nümayəndələri iştirak ediblər.
Görüşdə idman elmləri və reabilitasiya sahəsində akademik əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, bakalavriat səviyyəsində “Fizioterapiya” ixtisasının tədrisinin təşkili və gələcəkdə birgə diplom proqramının yaradılması perspektivləri müzakirə olunub.
Tərəflər, həmçinin beynəlxalq təcrübənin tədris prosesinə tətbiqi və tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi imkanlarını dəyərləndiriblər.
Karlov Universitetinin Beynəlxalq əlaqələr ofisinin direktoru Silvi Boumova ilə keçirilən ayrıca görüşdə isə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.