Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Səbail” “Zirə” ilə qarşılaşıb.
Newsport.az xəbər verir ki, oyundan sonra “Səbail”in baş məşqçisi Elnur Abdullayev matçla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis futbolçularının çıxışını dəyərləndirib, komandanın qarşısında duran hədəqlərdən danışıb.
“Rəqibimizi qələbə münasibətilə təbrik edirəm. Futbolçularıma da təşəkkür edirəm. Onlar əzmkar və baxımlı oyun nümayiş etdirdilər. Komandamın potensialına inanıram. Sadəcə, yeni oyunçuların komandaya və fərqli oyun üslubuna uyğunlaşması üçün zamana ehtiyac var.
Qarşıda bizi çox iş gözləyir. Əsas hədəfimiz I Liqada çempion olmaq və yüksək liqaya yüksəlməkdir. Bunun üçün sona qədər mübarizə aparacağıq. Heyətimizin bu məqsədə çatmaq gücündə olduğuna inanıram. Komanda sıfırdan qurulub, ona görə də səbirli olmalıyıq.
İstefa verməkdən qorxmuram. Əgər komandaya zərər verdiyimi düşünsəm, getməyə hazıram. Rəhbərlik mənə güvənir və fəaliyyətimi davam etdirməyimi istəyir. Qarşıda hələ 21 tur var. Komandama inanıram və mübarizəmizi sona qədər davam etdirəcəyik”.
Baş məşqçi qarşıdakı oyunlara da toxunaraq bildirib ki, komanda hər matça qələbə məqsədilə çıxacaq.