UEFA Gənclər Liqasında “Qarabağ”ın U-19 komandası doğma meydanda Zaqreb “Dinamo”sunu qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Newsport.az xəbər verir ki, oyundan sonra “Qarabağ”ın U-19 komandasının kapitanı Əli Qacıbəyov saytımıza açıqlama verib.
Kapitan qarşılaşma, rəqibin üstünlükləri və cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Dinamo” çox təcrübəli komandadır. Hamıya məlumdur ki, Azərbaycanda bir çox sahədə bizdən xeyli irəlidədirlər. Buna baxmayaraq, komanda olaraq özümüzə güvənirdik və sona qədər mübarizə apardıq.
Rəqibin bəzi üstünlükləri var idi. Onlar yüksək tempdə oynamağa öyrəşiblər. Biz də bu cür tempdə oynamağa çalışdıq. Təəssüf ki, sonda qol buraxdıq. Amma ruhdan düşmək olmaz, qarşıda ikinci oyun var. İnşallah, cavab görüşündə daha yaxşı oynayıb, daha yaxşı nəticə ilə qayıdacağıq.
Çıxış etdiyimiz liqada əsasən süni örtüklü meydançalarda oynayırıq. Bu örtük təbii ot örtüyü ilə müqayisədə daha sərt olur. Təbii örtüklü meydançada oynamağa çox da öyrəşməmişik, bu da müəyyən çətinliklər yaradır. Buna baxmayaraq, ciddi zədəm yoxdur”.