“Real”ın, “İnter”in və Niderland yığmasının sabiq futbolçusu Uesli Sneyder “Barselona”nın vingeri Lamin Yamalın gələcəyi barədə fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, o, gənc futbolçunun Kataloniya klubunda Lionel Messinin səviyyəsinə yüksələ biləcəyini mümkün sayır:
“Yamal artıq “Barselona”da yeni Messi kimi qəbul olunur və klub onu buraxmaq niyyətində deyil.
Hamı düşünür ki, Yamal nə vaxtsa Messi ola biləcəkmi? Məncə, o, “Barselona” üçün artıq yeni Messidir. Klub onu heç vaxt buraxmayacaq və düşünürəm ki, futbolçunun özünün də getmək istəyi olmayacaq. O, klubun yetirməsidir, əsas heyətdə çox şeyə nail olub, artıq komandanın ulduzlarından biridir. Niyə İngiltərəyə, Almaniyaya və ya başqa yerə getsin? Bu, məntiqsizdir”.
Sneyder əlavə edib ki, Yamal gələcəkdə yeni təcrübə üçün klubdan ayrıla bilər, amma yaxın illər ərzində bunun baş verəcəyini düşünmür:
“Bəlkə də, o, Messinin etdiyi kimi illər sonra yenilik üçün klubdan gedər. Amma indi 2025-ci ildir. Bu mövzunu 10 ildən sonra yenidən müzakirə etsək, Yamal yenə “Barselona”da olacaq. Messinin səviyyəsinə çatmaq və ya onu üstələmək? Bu, mümkündür. Futbolçular hər il inkişaf edir və o, artıq inanılmaz səviyyədədir”.