İngiltərənin “Barnet” klubunun hücumçusu Ayzeya Noel-Uilyams barəsində ciddi ittihamlar irəli sürülüb.
Newsport.az xəbər verir ki, “Mirror” nəşrinin Hertfordşir polisiə istinadən yaydığı məlumata görə, 23 yaşlı futbolçu 6 maddə üzrə ittiham olunur. Bunlara 3 zorlama epizodu, cinsi xarakterli zorakılıq, yetkinlik yaşına çatmayan şəxsin cinsi xarakterli hərəkətlərə cəlb edilməsi və narkotik vasitələrin yayılması daxildir.
Noel-Uilyams şənbə günü məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onun həbsdə saxlanılması barədə qərar verib. Növbəti məhkəmə iclası dekabrın 22-nə təyin olunub.
İngiltərənin dördüncü divizionunda çıxış edən “Barnet” klubu bazar ertəsi futbolçunun həbsdə olduğunu təsdiqləyib. Klub hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini və futbolçu ilə bağlı növbəti qərarın daha sonra veriləcəyini açıqlayıb.
Qeyd edək ki, Ayzeya Noel-Uilyams 2026-cı ilin iyununda “Hemel Hempsted Taun”dan “Barnet”ə keçib. O, əvvəlki mövsümdə sabiq komandasında 37 oyunda 8 qol vurub. Cari mövsümdə isə bütün turnirlərdə 9 qarşılaşmada meydana çıxıb.