İdman Arbitraj Məhkəməsi (CAS) noyabrın 24-ü Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarını açıqlayacaq.
Newsport.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Turnirin Seneqal və Mərakeş yığmaları arasında keçirilən final qarşılaşması yanvarın 18-də baş tutub. Oyunun sonu qalmaqalla müşayiət olunub. Belə ki, 90+9-cu dəqiqədə hakim Jan-Jak Nqambo Ndala seneqallıların qapısına penalti təyin edib. Buna etiraz əlaməti olaraq Seneqal oyunçuları meydanı tərk edib və oyun 15 dəqiqədən artıq müddətə dayandırılıb. Kapitan Sadio Mane komandanı matça qaytarıb.
Görüş bərpa olunduqdan sonra Mərakeşin vingeri Brahim Dias 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 90+23-cü dəqiqədə o, penaltini "panenka" üslubunda yerinə yetirməyə çalışsa da, qapıçı Eduar Mendi topu asanlıqla tutub.
Əlavə vaxtda Pap Qeye matçda yeganə qolu vuraraq Seneqala meydanda qələbə qazandırıb. Lakin martda Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi finalın nəticəsini ləğv edib və Seneqal yığmasına 0:3 hesablı texniki məğlubiyyət verib. Bununla da çempionluq titulu Mərakeşə verilib.