“Real Madrid”in qapıçısı Tibo Kurtua qapıçıların “Qızıl Top” mükafatını qazanmaq şansını dəyərləndirib. Belçikalı futbolçu hesab edir ki, müasir futbolda qapıçıların rolu və əhəmiyyəti getdikcə daha çox qiymətləndirilir. Newsport.az xəbər verir ki, Kurtua Manuel Noyerin vaxtilə bu mükafata yaxın olduğunu xatırladıb. O, özü üçün də belə bir şansın yarandığını, lakin həmin mövsüm Kərim Benzemanın qələbəyə layiq olduğunu etiraf edib:
“Bəli, əlbəttə, niyə də olmasın? Elə qapıçılar var ki, komandalarının oyun üslubunu, hətta pressinqə yanaşmasını dəyişiblər. Noyer bu mükafata yaxınlaşmışdı, amma həmin vaxt Lionel Messi və Kriştiano Ronaldo kimi futbolçular var idi.
Mənim də mövsümlərin birində daha yüksək pillədə qərarlaşmaq şansım olmuşdu. Lakin Benzema açıq-aşkar qalibiyyətə layiq idi. Bunu başa düşürəm. Biz möhtəşəm oyun keçirə bilərik, amma Kilian Mbappe son dəqiqədə möhtəşəm qol vuranda insanların yaddaşında qalan da məhz həmin epizod olur”.
Kurtua “Real Madrid”dəki komanda yoldaşlarının da “Qızıl Top” uğrunda mübarizə apara biləcəyini qeyd edib: “Düzünü desəm, Vinisius Junior, Arda Gülər və Cud Bellingem kimi komanda yoldaşlarınız varsa, onda kim mənə səs verər ki?”