“Sabah”ın UEFA Çempionlar Liqasında rəqibi olan “Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 12-ci turunda “Atletiko” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis qarşılaşmanın ilk hissəsində komandasının istədiyi oyunu göstərə bilmədiyini, fasilədən sonra isə vəziyyətin dəyişdiyini bildirib:
“İlk hissə bizim üçün çətin keçdi. “Atletiko” yaxşı oynayırdı, biz isə oyuna köklənə bilmirdik. Fasilədən sonra vəziyyət xeyli yaxşılaşdı. Oyuna nəzarət etdik və qələbəyə layiq idik. Düşünürəm ki, ikinci hissədə məhz istədiyimiz futbolu sərgilədik.
Mənim üçün komandada yüksək intensivliyi görmək vacib idi. Çünki oyunun əvvəlində bu baxımdan çatışmazlıqlarımız var idi. Fərdi və ikili mübarizələrdə uduzurduq”.
Matçda hesabı 10-cu dəqiqədə “Atletiko” açıb. “Barselona” isə Fermin Lopesin 45-ci və 66-cı dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar qələbə qazanıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran Kataloniya təmsilçisi 30 xalı olan “Real”ı qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. 28 xalı olan “Atletiko” isə turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.