Kikboksinq yarışlarında Azərbaycanı və “Qəbələ” İdman Klubunu təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Newsport.az-ın məlumatına görə, idmançımız İtaliyanın Verona şəhərində reytinq xarakterli “Kunlun Fight Series” turnirinin döyüşləri çərçivəsində rinqə çıxıb. O, 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə üz-üzə gəlib.
Abdullayev bu döyüşdə inamlı qələbə qazanıb. Təmsilçimiz 2 dəqiqəyə rəqibini nokauta göndərməyi bacarıb. Kikboksinq üzrə beşqat dünya çempionu olan Abdullayev keçirdiyi 41-ci döyüşündə 38-ci dəfə qalib gəlib. O, bunların 13-də rəqibini nokautla məğlub etdi.