Bu gün Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmiz tarixində ilk dəfə avarçəkmə növləri üzrə olimpiya medalı əldə edib.
Newsport.az saytının məlumatına görə, bu uğura akademik avarçəkənimiz Boris Yotov imza atıb.18 yaşlı avarçəkən 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə finişə 3 dəqiqə 21,82 saniyəyə çataraq, gümüş medal qazanıb.
Yotov olimpiya çempionluğuna da yaxın olub. Məsafənin yarısını o, hamıdan öndə keçib. Lakin finişə doğru liderliyini əldən verən avarçəkənimiz yekunda almaniyalı 2 qat dünya çempionu Tim Ole Naskeni özündən 0,6 saniyə irəli buraxıb. Bürünc medala isə 3 dəqiqə 22,21 saniyə nəticə ilə kanadalı Dan de Qrut layiq görülüb. Böyük britaniyalı Kris Louri (3:23.89) 4-cü, polşalı Matyuş Svitek (3:28.31) 5-ci, kubalı Orlando Sotolonqo (3:32.14) 6-cı olub.
Qeyd edək ki, Boris Yotov cəmi 18 yaşının olmasına baxmayaraq, böyüklər arasında da nüfuzlu yarışlara qatılır. O, hətta 2 ay öncə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında Aleksandr Aleksandrovla birgə 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə Yotov Çindən birbaşa Hollandiyanın paytaxtı Amsterdama yollanacaq. Təmsilçimiz avqustun 24-də start götürəcək dünya çempionatına qatılacaq.