“Azəryol”un baş məşqçisi Ziya Rəcəbov Newsport.az-müsahibə verib. Gənc çalışdırıcıya daha çox CEV kubokunun yarımfinalında qarşılaşacaqları Krasnodar “Dinamo”su haqda suallar ünvanladıq.
- Finalın bir addımlığında turnirin son qalibi ilə qarşılaşacaqsız. Fikirlərinizi bilmək istərdik.
- Səfərdə bizi çox ağır oyun gözləyir. Krasnodarlılar sizin də qeyd etdiyiniz kimi, CEV kubokunun son qalibidi. “Dinamo”da Rusiya yığmasının bir neçə üzvü çıxış edir. Onlar yetərincə təcrübəli voleybolçulardı. Krasnodarda çox ağır görüşə çıxacağıq. Bununla belə əlimizdən gələni edəcəyik ki, ən azı 2 setlə Bakıya qayıdaq.
- Bu mövsüm rəqibin çıxışını izləmisiz?
- Dəfələrlə baxmışam. Voleybolçularını da yaxşı tanıyıram. Sonuncu dəfə Rusiya çempionatında 10-cu pillədə qərarlaşan komandaya 1:3 hesabıyla uduzublar. Ancaq aparıcı oyunçularından Tatyana Koşelyova həmin qarşılaşmada çıxış etmirdi. Son 2-3 matçda onun xidmətindən bir o qədər istifadə etmirlər. Bilmirəm, zədəlidi, ya başqa səbəb var. Ola bilsin, məhz bizim oyun üçün qoruyurlar.
- Rusiya komandalarında nisbətən qəbulda problem olur. “Dinamo” da bu problemdən əziyyət çəkir?
- Belə deyim də, onlarda qəbulda problem varsa, bizdə voleybolçularımız o qədər də ucaboy deyil. Biz rus voleyboluna qarşı Avropa voleybolu nümayiş etdirəcəyik. Yəni mümkün qədər sürətli oynamağa çalışacağıq. Çünki ucaboy voleybolçulara qarşı yüksək toplarla hücumlar qurmağa çalışsaq, məğlubiyyətlə üzləşəcəyik.
- Sürətli hücumlar deyəndə ağıla ilk gələn ad Malika Kansonqdu. Demək olarmı ki, krasnodarlılarla qarşılaşmalarda taylandlı voleybolçunun bacarığı daha çox ön plana çıxacaq və həlledici olacaq?
-Bilirsiz ki, dünyada ən sürətli oyunu Asiya voleybolu nümayiş etdirir. Malika ən təcrübəli oyunçumuzdu. Dəfələrlə Asiya çempionu olub. Dünya çempionatlarında çıxış edib. Sürət baxımından ona çox ehtiyacımız var. Ən sürətli oyunçumuz odu. Kansonqun ustalığı hesabına nəsə edə bilərik.
- CEV kubokunun digər yarımfinalçıları ilə müqayisədə “Dinamo” daha güclüdü. Bu amil voleybolçularınızda təzyiq yaradır? Yoxsa, “onsuz da itirəcəyimiz bir şey yoxdu” deyib, daha rahat oynayacaqsız?
- İtaliyada həm hakim, həm də azarkeş təzyiqinə məruz qaldıq. Hələ bizim bəxtimiz gətirdi ki, həmin gün “Yuventus”un oyunu var idi. Bu üzdən 6-8 min yerlik arenaya cəmi 3 min azarkeş gəlmişdi. Amma qızlar sona kimi döyüşdü. 3-cü setdə önə keçməliydik. Ancaq müəyyən epizodlarda xalı bizə vermədilər. Oyuna gedərkən avtobusumuzu yarım saat ləngitdilər.Buna baxmayaraq, voleybolçularımıza halal olsun ki, ruhdan düşmədilər. Onlar dəstək, ruh yüksəkliyi verdim. Döyüşdülər, oyunu qazandılar. “Dinamo” ilə görüşlərdə təzyiq altında oynamağa hazırıq.
- “Dinamo”ya qarşı hazırlıq planı necədi?
- Hər oyunçusuna qarşı xüsusi hazırlaşırıq. Bütün detalları nəzərdən keçiririk. Kim hansı voleybolçunu nəzarətdə saxlamalıdı və s. Blok və müdafiədə düzgün mövqe seçsək, rəqibi təəccübləndirə bilərik.
- Bir neçə gün əvvəl ailə həyatı quran Aynur Kərimova fasilə vermədən məşqləri davam etdirir. Blokçu Krasnodarda meydana çıxa biləcək?
- Hələ ki, belindəki ağrılar davam edir. Müəyyən bərpa dövrü keçəndən sonra oyunlarda iştirak edəcək.
- Superliqada pley-offda hansı komandayla qarşılaşmaq istərdiz?
- Çempionatımızda istənilən nəticə qeydə alına bilər. 4 bərabər gücə sahib iddialı klub var. Hansı oyunda kimin qalib gələcəyini proqnozlaşdırmaq mümkün olmur. “Telekom” və ya “Lokomotiv”lə yarımfinalda üz-üzə gəlmək istərdik.
- “Azərreyl”dən niyə çəkinirsiz?
- Komandada toppaylayıcı böyük rol oynayır. Ən güclü oyunqurucularından ikisi “Azərreyl”dədi. Onlar əla hücumlar təşkil edir.