Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk iki cavab oyunundan sonra İspaniya klubları “Real” və “Vilyarreal” adını yarımfinala yazdırıb.
Newsport.az saytının məlumatına görə, “kral klubu” evdə “Çelsi”yə 2:3 hesablı məğlubiyyətə, “Vilyarreal” isə səfərdə “Bavariya” ilə qollu heç-heçəyə (1:1) baxmayaraq, cütün qalibi olub.
Cavab görüşləri bir neçə maraqlı statistik məqamları ortaya çıxarıb. Onların bir neçəsini təqdim edirik.
- “Real”ın baş məşqçisi Karlo Ançelotti ardıcıl 4 onillikdə Çempionlar Liqasının yarımfinalına komanda çıxaran ilk mütəxəssis olub. İtaliyalı ilk dəfə 1999-cu ildə “Yuventus”u yarımfinalına çıxarıb. Daha sonra “Milan”la (2003, 2005, 2006 və 2007-ci illərdə) turnirin bu mərhələsinə gəlib. “Real”ın sükanı arxasında isə 2014, 2015-ci illərdə, həmçinin bu mövsüm yarımfinal görüb.
- Ançelotti ÇL-də həmkarları Pep Qvardiola və Joze Mourinyonun rekordunu təkrarlayıb. Hər üç çalışdırıcı 8 dəfə bu turnirin yarımfinalına yüksəlib.
- “Real” 15-ci dəfə qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına adlayıb (1992-ci ildən bəri). Bu, turnir rekordudur. İspaniya klubu son 12 mövsümün 10-da bu mərhələdə olub. Çempionlar Kuboku da daxil olmaqla (1955-ci ildən) turnirin bütün tarixini nəzərə alsaq, “Real” 31-ci dəfə yarımfinala yüksəlib ki, bu da ən yaxın izləyicisindən 11 dəfə çoxdur.
- “Çelsi”nin futbolçusu Meyson Maunt ÇL-in iki fərqli mövsümündə (2020/21 və 2021/22) “Real”a qol vuran ikinci ingilisdir. İlk dəfə 1999/2000 və 2002/03 mövsümlərində “Mançester Yunayted”in heyətində Devid Bekhem bunu bacarıb.
- “Vilyarreal” “Bavariya” ilə iki oyunda çərçivəyə cəmi 2 dəfə düşə bilib ki, hər iki halda qol vurub (1:0, 1:1). Yəni mərhələ adlamaq üçün çərçivəyə 2 zərbə kifayət edib.
- “Bavariya”nın hücumçusu Robert Levandovski turnirdə mövsümü 13 qolla başa vurub. Hazırda polşalı bombardirlər yarışına başçılıq edir. Ancaq aktivində 12 top olan Kərim Benzemanın (“Real”) həmkarını keçmək üçün şansı davam edir.
- Benzema və Levandovski fərqlənməklə 2022-ci ilin ən yaxşı qolçusu üçün IFFHS-in tərtib etdiyi reytinqdə PSJ-nin forvardı Kilian Mbappeyə çatıb. Hazırda hər üç oyunçu 18 qolla ilk sıranı bölüşür.