Şəhid övladları “Kəpəz”in kollektivi ilə görüşdü

8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları ilə “Kəpəz”in kollektivi arasında görüş keçirilib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə “Kəpəz”in rəhbərliyi, əsas komandanın məşqçi və futbolçu heyəti, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. 

Öncə şəhid ailələrinin övladları “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev və əsas komandanın baş məşqçisi Azər Məmmədovla birgə “sarı-göylər”in məşqini izləyiblər. Məşqə həvəslə baxan uşaqlar klub rəhbəri və çalışdırıcıya onları maraqlandıran sualları ünvanlayıblar.

Məşq prosesinin sonunda meydançaya çıxan şəhid övladları “Kəpəz”in futbolçuları ilə görüşmək imkanı qazanıblar. “Kəpəz” PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev görüşün məqsədi barədə məlumat verərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında şanlı ordumuzun 2020-ci ildə tarixi zəfər qazandığını bildirib. Abdullayev torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərməyin vacibliyini vurğulayıb: “Bildiyiniz kimi, “Kəpəz”in bütün ev oyunlarına şəhid övladlarını dəvət edirik, daima diqqətdə saxlayırıq. Onlara sevgi və qayğı ilə yanaşmaq hamımızın borcudur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin!”.

Komandanın baş məşqçisi Azər Məmmədov da görüş iştirakçılarına Zəfər Gününün əhəmiyyəti barədə danışıb: “Biz qeyrətli oğullarımızın şücaəti sayəsində işğal altında olan torpaqlarımızı geri qaytardıq. Şəhidlərimizin bizə əmanət qoyduqları övladları hər şeyin yaxşısına layiqdirlər”.

Sonda uşaqlara hədiyyələr bağışlanılıb, xatirə fotoları çəkdirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right