“Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu daşıyan Mauro İkardi karyerasını İtaliya A Seriyasında davam etdirməyə çalışır.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb. “İnter”in prezidenti Beppe Marottanın təcrübəli hücumçunu planlaşdırmadıqlarını rəsmən bildirməsinə baxmayaraq, argentinalı forvard Milan klubuna qayıtmaq ümidini itirmir. Ötən yaydan bəri ardıcıl olaraq öz xidmətlərini “İnter”ə təklif edən İkardi hətta 5-ci hücumçu roluna razı olduğunu və maliyyə şərtlərində böyük güzəştlər edəcəyini rəhbərliyə çatdırıb.
İkardinin əsas hədəfi nəinki “İnter”ə, ümumilikdə İtaliyaya qayıtmaqdır.
Xatırladaq ki, o, yanvar ayında “Yuventus”un təklifini qəbul etməyə hazır olsa da, bu transfer baş tutmamışdı. Yay transfer pəncərəsində isə hücumçunun “Latsio”ya keçidi son anda gerçəkləşməmişdi.