"Üçüncü mərhələ çox çətin keçdi. Pelatonla liderin arasında 4 dəqiqə məsafə oldu. İdmançılar əsl əzmkarlıq nümayiş etdirdilər. Təəssüflər olsun ki, bugünkü mərhələdə iki velosipedçi mübarizəni dayandırdı. Ümid edirəm ki, digər velosipedçilər finala keçməyi bacaracaqlar".
Newsport.az-ın məlumatına görə, bu sözləri iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının üçüncü mərhələsinin yekunları ilə bağlı mətbuat konfransında turnirin direktoru Roland Hofer deyib.
Üçüncü mərhələnin qalibi belçikalı idmançı Yari Verstraeten də yarışın çətin keçdiyini bildirib: "Eniş olduğu üçün başlanğıcda velosipedçilər sürətlə hərəkət edirdilər. Sprintdə 4 velosipedçidən ibarət lider qrup formalaşdı. Aralıq vaxtı beş dəqiqəyə çatdırdı. Hərdən külək bizim istiqamətdə əksinə əsirdi. Finişə 20 kilometr qalmış qalib olacağıma inanmağa başladım. İtaliyalı velosipedçi Emanuele Ansaloni dağ mərhələlərini yaxşı keçir. İnanmıram ki, bu, məndə uğurlu alınsın”.
İlk üç mərhələdən sonra yarışın lideri italiyalı Emanuele Ansaloni sarı köynəyə sahib olduğu üçün sevindiyini vurğulayıb: "Çalışacağam köynəyi özümdə saxlayım. İlk iki mərhələnin lideri Martin Papanov olub. Lakin mən özümə güvənirəm və inanıram ki, liderliyi qoruyacağam".
Qeyd edək ki, idmançılar iyunun 10-da Gəncə-Göygöl marşrutu üzrə 102,9 kilometr məsafə qət edəcəklər.