İyulun 9-10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.
Newsport.az-ın məlumatına görə, yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" tədbirləri çərçivəsində təşkil ediləcək. 10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı yarış iki mərhələdən ibarət olacaq. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.