Norveçin Tromse şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
Newsport.az saytının məlumatına görə, Aleksandr Xolifmanın kapitanı olduğu kişilərdən ibarət Azərbaycan yığması sonuncu – XI turda lazım olan vacib qələbəni qazanıb. Komandamız Şəhriyar Məmmədyarovun sayəsində ABŞ-la mübarizədən qalib ayrılıblar. Lakin yekunda 4 komandanın xalları bərabərləşib və əlavə əmsallar millimizin Olimpiadada ilk medalını qazanmasına əngəl olub. Yığmamızla eyni xal toplayan Macarıstan və Hindistan müvafiq olaraq, gümüş və bürünc mükafatlara sahib olublar. Azərbaycan kimi 17 xal yığan Rusiya isə 4-cü olduğundan, təmsilçilərimiz 5-ci yerdə qərarlaşıblar. Qalib adı isə Çin şahmatçılarına qismət olub.
Həmçinin, Birinci lövhədə oynayan Şəhriyar Məmmədyarov 10 oyundan 7 xal toplayaraq Olimpiada iştirakçıları arasında 4-cü yerin sahibi olub.
Orta reytinqinə əsasən 22-ci olan qadınlardan ibarət millimizin də yarışı ilk “onluq”da bitirmək şansı olub.Lakin, son görüşlərini qələbə ilə başa vuran komandamız Polşa ilə matçda məğlubiyyətlə üzləşib və 23-cü yeri tutublar.
Qadınlar arasında Olimpiya çempionu adına isə Rusiya millisi layiq görülüb. Gümüş medala Çin yığması, bürünc medala isə Ukrayna şahmatçıları sahib çıxıblar.
Qeyd edək ki, növbəti Olimpiada 2016-cı ildə Bakıda keçiriləcək