"Yeni Azərbaycan" qəzetində "İSMA BİKES" haqda məqalə dərc edilib

İsmayıllı Velosiped Zavodu yeni məhsullarınının təqdimatını keçirdi

Yüksək keyfiyyətli, xarici analoqları ilə müqayisədə daha ucuz olan müxtəlif çeşidli "İSMA BİKES" velosipedləri "Made in Azerbaijan" brendi ilə istelsal olunur

Xəbər verildiyi kimi iyulun 6-da "Park Bulvar" Alış-Veriş Mərkəzində Azərbaycanın ilk milli velosiped brendi "İSMA BİKES"ın yeni modellərinin təqdimat mərasimi keçirilib.

Xatırladırıq ki, bu velosipedlərin istehsal olunduğu İsmayıllı Velosiped Zavodu cəmi bir neçə ay əvvəl fəaliyyətə başlayıb. Azərbaycanın ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group"un tərkibində fəaliyyət göstərən zavodun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən iştirak edib. Zavodda həvəskar və peşəkar idmançılar, eləcə də uşaqlar və qadınlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. Yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.

 Regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan daha bir addım

Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. İsmayıllı Velosiped Zavodunun istifadəyə verilməsini regionların sosial-iqtisadi inkişafı istiqamətində atılan növbəti addım kimi dəyərləndirmək olar. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində atılan addımlar öz növbəsində ölkəmizdə yeni iş yerlərinin yaradılmasına da təkan verib. Layihə gücü ildə 30 000 velosiped olan zavodda 100 nəfərdən artıq işçinin çalışacağı nəzərdə tutulur.

 “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək 

Heç şübhəsiz, istehsal edildiyi qısa vaxt ərzində həm daxildə, həm də xaricdə özünə alıcı tapan «İSMA BİKES" velosipedlərinin istehsalı eyni zamanda “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək xarakteri daşıyır. “Made in Azerbaijan” brendindən söz düşmüşkən, Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri ölkəmizdə yaxın perspektivdə neftdən asılılığı tamam aradan qaldırmaqdan, qeyri-neft sektorunda istehsalı əhəmiyyətli dərəcədə genişləndirməkdən və bu əsasda yeni ixrac imkanları yaratmaqdan ibarətdir. Ölkəmiz bu yolla neft gəlirlərinin azalmasını kompensasiya etmək və bundan sonra da inkişafın ardıcıllığına nail olmaq niyyətindədir.

"Synergy Group"in icraçı direktoru İsmayıl Süleymanov zavodun məhsullarının "Made in Azerbaijan" brendi ilə istelsal olunduğunu bildirib və bunun təmsil etdiyi şirkətin ölkə iqtisadiyyatına töhfəsi kimi dəyərləndirib.

 "İSMA"ya həm tələbat, həm də maraq artır

 

Yeri gəlmişkən, zavodda istehsal olunan velosipedlərin keyfiyyət baxımından yüksək standartlara cavab verdiyi də bildirilir. Bu da səbəbsiz deyil. İsmayıllı Velosiped  Zavodu istifadə etdiyi əsas komplektləşdirici materialların çoxunu Yaponiyanın məşhur "Shimano" şirkətindən alır. Bundan əlavə, zavod Tayvan, Malayziya, Çin və Bolqarıstanın müxtəlif müəssisələri ilə də sıx əməkdaşlıq edir. Velosipedlər əsasən polad, alüminium və karbon (ən yüngül velosiped materialı) materiallarından və onların qarışığından hazırlanır. Bu barədə “İSMA BİKES”in yeni modellərinin təqdimat mərasimində jurnalistlərə müsahibəsində zavodun direktoru Elçin Qəhrəmanov məlumat verib. O, həmçinin qeyd edib ki, zavodda Niderland, Türkiyə və Bolqarıstan avadanlıqlarından istifadə olunur. Zavoddakı “quru-toz” rəngləmə avadanlığı Türkiyə istehsalıdır. Avadanlıqlar və şərait ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir.

"Velosipedlərin diskləri və təkərləri bilavastə zavodda istehsal edilir. Çalışacağıq ki, zavodumuzun istehsal etdiyi velosipedlər xarici analoqları ilə müqayisədə keyfiyyətli və daha ucuz olsun”, - deyə direktor vurğulayıb.

Yeri gəlmişkən, velosipedlərin qiyməti 98 AZN-dən başlayır və hər kəs burada öz tələbatına və cibinə uyğun velosiped tapa bilər.

Yeri gəlmişkən, BMT-nin statistikasına görə son 3 ildə Azərbaycana orta hesabla hər il 80 000 velosiped idxal olunub. Deməli tələbat var və İsmayıllı Velosiped Zavodu daxili tələbatı nəzərə alır. Məhz bunun nəticəsidir ki, zavod açılarkən 3 əsas modeldə velosiped istehsal edib və cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb.

Zavodun direktoru Elçin Qəhrəmanovun sözlərinə görə, yaxın vaxtlarda "20 Yanvar" metro stansiyası yaxınlığındakı Velotrekdə İsmayıllı Velosiped Zavodunun satış mərkəzi fəaliyyətə başlayacaq: «Zavodumuz dilerlərlə də işləyəcək. Artıq Bakı, İsmayıllı, Lənkəran, Goranboy və Gəncədə fəaliyyət göstərən iş adamları yerli velosipedlərin satışını həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. Hazırda danışıqlar davam etdirilir, yaxın müddətdə satışa başlayacağıq».

Təqdirəlayiq haldır ki, zavod məhsulların çeşidini müəyyənləşdirərkən heç kimi yaddan çıxarmayıb. Yeni modellər arasında oğlanlar və qızlar üçün müxtəlif dizaynlı və rəngli kiçik velosipedlərdən tutmuş yeniyetmələr, gənclər, xanımlar üçün, habelə peşəkarlar üçün şosse və dağ velosipedlərinin geniş çeşidləri var. İstehsal olunan məhsullar həm yerli, həm də xarici bazarlar üçün nəzərdə tutulduğundan onların adları da rəngarəngdir. Şübhə yoxdur ki, “Ceyran”, “Qartal”, “Buta”, “Qafqaz”, “Çinar” kimi modellərlə yanaşı, “Angel”, “Mustang”, “Tayfun”, “Bizon”, “Lazer” adlı velosipedlər həm yerli, həm də xarici alıcıların xoşuna gələcək.

 Velosiped həm ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi, həm də çox geniş yayılmış idman alətidir

 Velosiped istehsalının əhəmiyyətindən danışarkən sonda bir vacib məqama toxunmağı da özümüzə borc bildik. Belə ki, Azərbaycanda istər dövlətin idmana diqqət və qayğısı, istərsə də velosiped idmanı istiqamətində aparılan təbliğat işləri öz bəhrəsini verir, ölkəmizdə velosiped sürənlərin sayı günü-gündən artır. Öz növbəsində bunun gələcəkdə velosiped idmanı ilə məşğul olan peşəkarların sayının artmasına təkan verəcəyini bildirən Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov "Ölkəmizdə velosiped sürənlərin sayının günü-gündən çoxalması heç şübhəsiz ki, həvəskarlardan başqa peşəkar idmançıların sayının artmasına da təkan verəcək" deyib.

Onun sözlərinə görə, idmançılar arasında kütləvilik təmin olunarsa, rəqabət də bir o qədər güclü olar və belədə idman nəticələrinin artması da özünü çox gözlətməyəcək. Son illər velosipeddən ekoloji cəhətdən ən təmiz nəqliyyat vasitəsi kimi istifadə hallarının artdığına toxunan S. Ələkbərov bunun insanların, xüsusilə gənclərin sağlamlığı üçün də böyük əhəmiyyət daşıdığını bildirib və yaxın gələcəkdə yeni velosiped yollarının salınması təcrübəsinin geniş yayılmasının vacibliyini də vurğulayıb.

 

Nadir Azəri





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right