“Çox böyük bir turnirə ev sahibliyi edirik. Beynəlxalq Cüdo Federasiyasına minnətdarıq ki, belə bir mötəbər turniri bizə həvalə ediblər”.
Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.
R. Abdullayev Bakıda təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turnirinin ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Turinə hazırlıq işləri çox yaxşı aparılıb. Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri də təşkilatçılıqdan razılıqlarını ifadə ediblər. Hər şey ən yüksək səviyyədə təşkil edilib”.
Federasiya prezidenti cüdo yığmamızın çıxışını dəyərləndirib: “Komandanın çıxışından razıyam. Bu yarış olimpiadaya hazırlıq xarakteri daşıyır. Cüdo millimiz artıq 6 lisenziyaya sahib çıxıb. “Böyük dəbilqə” turnirində isə komandamız artıq 2 bürünc medal qazanıb. Cüdoçularımızın sabah da medal qazanacaqlarına inanıram”.
Rövnəq Abdullayev sonda rəhbərlik etdiyi federasiyanın əməkdaşlarının işindən razılıq edib: “Cüdo federasiyasının əməkdaşları işlərinin öhdəsindən yüksək səviyyədə gəlirlər. Komandamızın qarşısında hazırda beynəlxalq turnirlədə iştirak etmək və Rio Olimpiadasına ən yaxşı çəkildə hazırlaşmaq tapşırığı qoyulub”.
Futbolxeber.az