Rəsul Çunayev 68 saniyəyə finalda

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya Təsnifat Turniri keçirilir.

Newsport.az saytının məlumatına görə, yarışlarda finala yüksələn hər bir güləşçi həm də Olimpiadaya vəsiqəni təmin edəcək.

İlk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparır. Bu gün Azərbaycan təmsilçilərindən Rəsul Çunayev və Şalva Qadabadze yarışır.

66 kq çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. Rəqibini 19 saniyədə məğlub edən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionumuz 1/8 finala yüksəlib. Bu mərhələdə belaruslu Pavel Liaxa 9:7 hesabı ilə qalib gələn Çunayev 1/4 finala adlayıb. O, yarımfinala yüksəlmək uğrunda görüşdə polşalı David Kareçinski ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdən 6:1 hesabı ilə qalib ayrılan Çunayev yarımfinala vəsiqə qazanıb.

Güləşçimiz finala gedən yolda erməni əsilli Fransa idmançısı Artak Marqaryanla üz-üzə gəlib. Çunayevə finala çıxmaq üçün cəmi 68 saniyə kifayət edib. Rəqibinə 8:0 qalib gələn idmançımız adını finala yazdırmaqla yanaşı, Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Çunayev finalda qırğızıstanlı Ruslan Tsarevlə güləşəcək.

Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən təmsilçimiz 1/4 finala adlayıb. O, burada norveçli Feliks Baldaufla güləşəcək.  

Qeyd edək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 13 vəsiqə qazanıb. Sərbəst güləşçilərimiz Olimpiya Oyunlarına tam heyətlə qatılacaq, komandamız 6 mümkün vəsiqənin hamısını əldə edib. Yunan-Roma güləşçilərimiz 4, qadın güləşçilərimiz isə 3 çəki dərəcəsində vəsiqəyə sahibdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right