Maksim Averin: “Qələbə heç vaxt arxayınlıq vermir”

“Tour d’Azerbaijan-2016” veloyürüşünün 2-ci mərhələsi əlamətdar oldu. Axı Bakı – İsmayıllı marşrutunu ən tez qət edən yığmamızın və “Sinerjy Baku”nun üzvü Maksim Averin oldu. Olimpiadada da iştirak edəcək velosipedçimiz mərhələ başa çatdıqdan sonra Newsport.az saytının suallarını cavablandırdı:

- Bugünkü yarışla bağlı nə deyə bilərsən?
- Bizim üçün uğurlu gün oldu. Komanda kimi çox yaxşı işlədik. Komanda yoldaşlarım mənə çox kömək etdi. Sprinter mübarizəsində özümü yaxşı göstərmək üçün mənə şərait yaratdılar. Ümid edirik ki, növbəti mərhələlərdə “Sinerjy Baku” olaraq yaxşı çıxış edəcəyik.
- Ənənəvi sualı verim. Şəxsən bu qələbə sənin və Azərbaycan üçün nə deməkdi?
- Şəxsən mənim üçün bu qələbənin çox böyük mənası var. Evdə qazanılan uğurun ikiqat önəmi var. Bu mövsüm ilk zəfərimi əldə etdim. Bu nəticə növbəti günlər üçün əla motivasiya olacaq.
- Qələbəndə marşrutun hansı hissəsi həlledici oldu?
- Külək əsdiyindən velosipedi istənilən səviyyədə idarə etmək mümkün deyildi. Ancaq bunu gözləyirdik. Həlledici üstünlüyə finişə az qalmış nail olduq. Prinsipcə, hər şeyə son 40 km-də aydınlıq gəldi. 
- “Sinerjy Baku”nu qarşıdakı 3 mərhələdən hansında favorit sayırsan?
- Sabahki mərhələ bizim üçün yaxşı olacaq. Hərçənd çətin və ağır finiş bizi gözləyir. Ancaq ilk növbədə sonluğu hansı velosipedçimizin qoyacağına aydınlıq gətirmək lazımdı. Bakıdakı yürüş isə ümumi təsnifatın nəticəsini müəyyənləşdirəcək.
- “Sinerjy Baku”nun sabiq üzvü Markus Eybeqqerlə gərgin mübarizədən qalib ayrıldın. Onu tanımağın sənə nə dərəcədə təsir etdi?
- O, mərhələyə bələd velosipedçilərdən biridi. Çalışırdı ki, finişə qədər məndən uzaqlaşsın. Ancaq son metrdə onu geridə qoya bildim.
- Bu qələbə səni arxayınlaşdırmayacaq?
- Qələbə heç vaxt arxayınlıq vermir. Üstəlik, nəzərə almaq lazımdı ki, bu mərhələylə yarış başa çatmır. Çalışacağıq ki, dağ mərhələsində də köynək qazanaq.
- Olimpiadada çıxış edəcəksən. Bu haqda nə deyə bilərsən?
- “Tour d’Azerbaijan-2016” ilə Olimpiya Oyunları fərqli yarışlardı. Olimpiadaya hələ çox var. İndidən bu haqda konkret bir söz deyə bilmərəm. Hələ ona qədər çoxlu yarışlarımız olacaq. Rio-2016-ya çox ciddi və uzun hazırlıq prosesindən keçəcəyik.

Mərdan Həsənov  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right