“Ferrari” pilotu Şarl Lekler gələn həftə Formula 1 üzrə Azərbaycan Qran-prisində mühərrik dəyişikliyinə görə cərimələnə bilər.
Komanda monakolu pilotun İtaliya Qran-prisindəki qəzasından sonra onun bolidinə əlavə güc qurğusu quraşdırmaq variantını nəzərdən keçirir. Monzada Lekler ADUO 2 güc qurğusundan istifadə etsə də, “Ferrari” qəzanın ardından mütəxəssislər əlavə yoxlamalar aparana qədər bu mühərriki növbəti mərhələdə onun bolidinə quraşdırmamaq qərarına gəlib və İspaniya Qran-prisində daha əvvəlki ADUO 1 versiyasından istifadə edib. “Ferrari”də Leklerə yeni mühərrik quraşdırılmasına görə cəzanın məhz Bakıda tətbiq olunması ehtimalını istisna etmirlər, çünki paytaxtımızdakı trasda daha geridən start götürməyin nəticəyə təsiri nisbətən az ola bilər.
Komandanın rəhbəri Frederik Vassyör mətbuata açıqlamasında Bakının belə bir dəyişiklik üçün uyğun ola biləcəyini desə də, cəzanın məhz Azərbaycan Qran-prisində veriləcəyini təsdiqləməyib.