Kuba milli komandasının 185 sm boya malik hücumçusu Ana Yilian Kleger 2026/27 mövsümündə "Turan" Voleybol Klubunun heyətinə qoşulub.
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, beynəlxalq arenada və Avropanın aparıcı çempionatlarında zəngin təcrübəyə malik olan Ana Yilian Kleger yeni mövsümdə həm Azərbaycan Yüksək Liqasında, həm də Avropa arenasında "Turan" Voleybol Klubunun uğurları üçün mübarizə aparacaq.
Təcrübəli hücumçu karyerası ərzində bir çox tanınmış klublarda, o cümlədən Azərbaycanda "Rabitə Bakı" və "Telekom Bakı", Türkiyədə "Samsun Anakent" və "Zeren Spor Kulübü", Rumıniyada "CS Volei Alba Blaj", Rusiyada "Lokomotiv Kalininqrad", Polşada "Grot Budovlani Lodz", Çində "Şandong Rizhao Steel" və Serbiyada "Srvena Zvezda" komandalarının şərəfini qoruyub.
Kuba millisi ilə dünya çempionatı, "FIVB World Grand Prix" kimi mötəbər turnirlərdə çıxış edən Kleger, Panamerika Oyunlarında gümüş, NORCECA çempionatında və Panamerika Kubokunda qızıl medallar qazanıb.
O, fərdi olaraq Yeltsin Kubokunun ən yaxşı servis oyunçusu, CEV Çempionlar Liqasının və Rusiya Super Liqasının ən yaxşı diaqonal hücumçusu, həmçinin Rusiya Kuboku ilə Superkubokunun ən məhsuldar oyunçusu və MVP-si seçilib.