Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürür.
Newsport.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək iyulun 27-dən avqustun 2-dək davam edəcək. Yarışda yunan-Roma, qadın və sərbəst güləş növləri üzrə dünyanın ən güclü yeniyetmə idmançıları mübarizə aparacaqlar.
Çempionatın ilk üç günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. İyulun 30-31-də qadın güləşi, avqustun 1-2-də isə sərbəst güləş yarışları keçiriləcək.
Builki dünya çempionatı iştirakçı sayına görə tarixə düşəcək. Beynəlxalq Güləş Federasiyasının məlumatına görə, yarışda 52 ölkədən bütün çəki dərəcələri üzrə 675 güləşçi qeydiyyatdan keçib ki, bu da U-17 dünya çempionatları tarixinin rekord göstəricisidir. Turnirə ümumilikdə 1100-dən çox qonağın gələcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan ev sahibi kimi yarışda bütün növlər üzrə tam heyətlə təmsil olunacaq. İlk yarış günündə saat 10:30-da təsnifat görüşləri başlayacaq. Rəsmi açılış mərasimi saat 17:15-də keçiriləcək. Bundan sonra yarımfinal qarşılaşmaları baş tutacaq.