Təcavüzdə ittiham olunan futbolçuya 10 il 6 ay müddətinə həbs tələbi

“Elçe”nin hücumçusu Rafa Mirlə bağlı məhkəmə prosesi Valensiyada davam edir.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı hücumçu iki epizod üzrə seksual zorakılıq və xəsarət yetirmə ittihamları ilə mühakimə olunur. Prokurorluq onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

İş üzrə Mirlə birlikdə onun dostu Pablo Xara da təqsirləndirilir. O, seksual zorakılıq, təcavüz və digər zorakı davranışlarda ittiham olunur.

İttiham tərəfinin versiyasına görə, hadisələr 2024-cü il sentyabrın 1-nə keçən gecə futbolçunun evində baş verib. Həmin gün Rafa Mir gecə klubunda iki qadınla tanış olub və daha sonra onlar onun evinə gediblər. Şikayətçilərdən biri Mir tərəfindən zorakılığa məruz qaldığını iddia edir, digəri isə Xaranın davranışlarından şikayətlənir.

Müdafiə tərəfi isə bütün münasibətlərin qarşılıqlı razılıq əsasında olduğunu bildirir. Futbolçu özü məhkəmədə ifadə verərək, zorakılıq iddialarını rədd edib.

İş üzrə polis əməkdaşları da ifadə verib. Onların sözlərinə görə, hadisə yerinə çağırışdan sonra qadınlar evin girişində, kişilər isə yaxınlıqda olub. Polislər ilkin mərhələdə ciddi xəsarət və ya açıq zorakılıq əlamətləri görmədiklərini bildirib.

Bəzi polis ifadələri şikayətçilərin ilkin açıqlamaları ilə sonrakı detallı ifadələri arasında fərqlərin olduğunu göstərib. Digər tərəfdən, zərərçəkənlərdən birinin sonradan daha geniş izahatlar verdiyi qeyd olunur.

Məhkəmədə səsləndirilən ifadələr həm ittiham, həm də müdafiə tərəfi üçün mühüm rol oynayır. Prosesin nəticəsi yaxın aylarda məlum olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right