Cənubi Koreyanın Munqyeonq şəhərində keçirilən hərbçilərin 6-cı dünya idman oyunlarında çıxış edən Azərbaycan komandası növbəti medallarını qazanıb.
Newsport.az-ın məlumatına görə, sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medala sahib olub.
O, əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda rusiyalı Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan Mustafayev bürünc medal uğrunda təsəlliverici görüşdə ukraynalı Vasil Şuptarla görüşü qalib tamamlayaraq (5:0), fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
57 kq çəkidəki Ruslan Qasımov isə ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Lakin hindistanlı Manqal Kadyanla görüşü də uduzan (4:11) Qasımov 5-ci olub.
Azərbaycan millisinin aktivinə növbəti medalı Elmar Qasımov (100 kq) yazdırıb. Cüdoçumuz yarışın bürünc medalına yiyələnib. Belə ki, 1/16 finalda uruqvaylı Rafael Salvonu ippona salan Qasımov ardınca rusiyalı Ramazan Malsuiqenov üzərində də təmiz qələbə qazanıb.
Lakin 1/4 finalda Ambaselmaa Bayarsayxanla görüş Elmar üçün çətin keçib və həmyerlimiz məğlubiyyətə üzülüb. Buna baxmayaraq, Monqolustan cüdoçusu finala yüksəldiyindən, Qasımov təsəlliverici qarşılaşmalara qatılıb. Öncə Antoni Pena (Venesuela), sonra Yosef Terheçi (Fransa) ipponla mübarizədən kənarlaşdıran təmsilçimiz bürünc medal görüşündə Lusiano Ribero Korreadan (Braziliya) da güclü olub.
Dünya oyunlarına 248 dəst medal uğrunda 56 ölkədən 4292 hərbçi qatılıb. Aktivində 6 mükafat olan Azərbaycan millisi isə komanda hesabında 26-cıdı. Siyahıya 34 medal (18-7-9) olan Rusiya başçılıq edir.