“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunun (BOS) qazonu son günlər diqqət mərkəzinə düşüb. Sosial şəbəkədə BOS-un ot örtüyünün bərbad vəziyyətdə olduğunu göstərən görüntülər yayılıb.
“Bayquşlar”ın Avropanın ən nüfuzlu klub turnirindəki rəqiblərini qəbul edəcəyi arenanın hazırkı vəziyyətini öyrənmək üçün BOS-un İctimaiyyətlə Əlaqələr şöbəsinin yeni rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. O, stadionda hazırlıq işlərinin yalnız qazonla məhdudlaşmadığını və prosesin kompleks şəkildə aparıldığını bildirdi:
“İlk növbədə, onu qeyd etmək lazımdır ki, hansısa stadionun hansısa oyuna hazırlıq prosesi təkcə qazonun vəziyyətini deyil, həmin qarşılaşma ilə bağlı müxtəlif sahələri əhatə edən bir çox məsələləri özündə ehtiva edir. Təbii ki, müvafiq tələblər turnirin səviyyəsinə görə dəyişə bilər. Hazırkı situasiyada isə söhbət təkcə Avropanın deyil, bəlkə də, dünyanın ən vacib klub turnirindən – Çempionlar Liqasından gedir. Bu baxımdan, hazırda Bakı Olimpiya Stadionu qeyd olunan oyunlara təkcə qazonun vəziyyəti prizmasından deyil, kompleks şəkildə hazırlaşır və inanırıq ki, vaxt məhdudiyyətinə baxmayaraq, nəzərdə tutulan işlər uğurla başa çatdırılacaq”.
“Sabah”ın Çempionlar Liqasındakı ev oyunlarının keçiriləcəyi Bakı Olimpiya Stadionunda qarşıda kifayət qədər ciddi sınaqlar var. “Bayquşlar” oktyabrın 13-də “Slaviya”nı (Çexiya), oktyabrın 20-də Dortmund “Borussiya”sını, noyabrın 25-də “Barselona”nı və yanvarın 20-də “Napoli”ni qəbul edəcək.
Komanda.az