"Sabah"ın hücumçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqası II təsnifat mərhələsinin "KuPS"la ilk matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Newsport.az 32 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Hücumun hansı zonasında oynamaq sənin üçün rahatdır?
- Baş məşqçi hansı mövqedə oynamağımı istəsə, orada oynamağa hazıram. Amma mən özümü daha çox mərkəz hücumçusu kimi rahat hiss edirəm. Əlbəttə vinger kimi də çıxış etmişəm. Bu mövqedə çıxış edəndə çoxlu qollar vurmuşam. Hazırda hücumçu kimi oynamaq mənim üçün daha rahatdır. Komandama kömək edirəm, daha çox qol vura bilirəm.
- Hücum xəttində rəqabətin olması məsuliyyətini artırır?
- Bəli. Əlbəttə ki, rəqabət olmalıdır. Rəqabət varsa, məşqlərdə ən yaxşı performansımızı artırmalıyıq. Öz işimi görməliyəm. Daha çox qol vurmalıyam ki, baş məşqçi məni seçsin. "KuPS" çox güclü rəqibdir. Onları təhlil edirik. Çalışacağıq ki, ən yaxşı performansımızı göstərək. İnanıram ki, sabah qalib gələcəyik.
- Sabahkı matçda özündən və komandadan gözləntilərin nədir?
- Çempionlar Liqasında çıxış etmək üçün çempion olmuşuq. Bu, bizim üçün xüsusi haldır. Çox maraqlı qarşılaşma olacaq. Oyunu səbirsizliklə gözləyirik.