Qorxmayaq!

Ötənlərdə yazmışdım. Rəqibə hörmət etmək başqa şeydi, ondan qorxmaq başqa şey. Nə "Çelsi"dən, nə "Liverpul"dan, nə "Ayaks"dan qorxmaq, çəkinmək lazım deyil. Ehtiyac yoxdu, çünki bununla heç nə əldə bilməyəcəyik. 
 
Oynamaq lazımdı. Səfərdə, evdə, rəqibin kimliyindən asılı olmayaraq futbol oynamaq, eyni zamanda prosesdən zövq almaq. Bu dəqiqə "Qarabağ"ın futbolçularına ağ paxıllıq edən adamlardan birincisi mənəm. Təsəvvür edin, adamlar "Enfild"də meydana çıxacaq, "You will never walk alone" eşidəcəklər. Adamlar dahi Dieqonun tarix yazdığı və onun adını daşıyan möhtəşəm stadionda top qovacaq, gözəl şəhərin qonağı olacaqlar. "San Mames"də, "Da Luj"da mübarizə aparacaq, bir ömürlük xatirə yığacaqlar. Fantastikadı. 
 
Oynamaq və zövq almaq. Bunun əlavəsi olaraq xal və ya xallar da qazansaq, nə gözəl, nə möhtəşəm.
 
Üzülürük, püşkü bəyənmirik. Amma harda? Çempionlar Liqasında! Bir var bir otaqlı evin mətbəxində üzüləsən, bir də şəxsi yaxtanın göyərtəsində. "Qarabağ" azarkeşləri hazırda həmin milyoneri xatırladırlar. Lüksə bax, ÇL-də rəqib bəyənmirlər. Əladı)
 
Təbii ki, Bakıda daha böyük rəqiblər istəyərdik. Olmadı. Qalsın gələn dəfəyə. İndi növbəti dəfə əsas mərhələyə çıxmağa (ya da bu il pley-offa) stimul yaranar. Həm zarafatdı, həm də deyil.
 
Azarkeşlərin üzərinə isə böyük məsuliyyət düşür. Ev matçlarında tribunada komandaya sona qədər dəstək olmaq, bununla da onları uğura yaxınlaşdırmaq gərəkəcək. Rəqiblər tanışdı, udduğumuz da var, başabaş oynadığımız da, dişimizə görə olan da. Hər şey ola bilər. Daha "Kopenhagen"dən də çəkinəcəyiksə, onu udmaq istəməyəcəyiksə, ÇL-ə niyə gəlirdik? "Qarabağ"da da bunu başa düşürlər, bilirlər. Əminəm ki, bu missiyanın öhdəsindən gəlmək üçün əllərindən gələni edəcəklər. 
 
Biz dəstəyimizi verək, qalanını komanda edəcək. 
 
İndi veriləcək heç bir proqnoz düz çıxmayacaq. Təqvim bəlli deyil, stadion bəlli deyil, rəqiblərin oyun forması bəlli deyil. Qorxmaq yox, soyuqqanlı olmaq, güclənmək, hazırlaşmaq və potensialdan maksimum istifadə etmək lazımdı. 
 
Biz inanaq. Sonrasını zamanında görəcəyik.
 
Uğurlar, "Qarabağ"!
 
Kənan Məstəliyev




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right