DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Canni de Byazinin komandası mundialın ev sahibi Qətərlə də qarşılaşacaq.
UEFA son Asiya çempionunu dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Qətər millisi DÇ-2022-nin seçmə mərhələsinin A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün qətərlilər ev oyunları Avropada keçiriləcəklər.
Yığmamız gələn il martın 27-də Qətərin qonağı olacaq. Noyabrın 14-də isə bu komandanı qəbul edəcək.
Qətər millisinin keçirəcəyi ev oyunlarının məkanı və saatı hələlik məlum deyil.
Xatırladaq ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.