“Qəbələ”dən ayrılan Roman Qriqorçukun yeni klubunun adı rəsmən açıqlanıb.
Newsport.az xəbər verir ki, ukraynalı mütəxəssis Qazaxıstanın “Astana” klubu ilə müqavilə imzalayıb. 53 yaşlı mütəxəssisin bu gün təqdimetmə mərasimi keçirilib. Müqavilənin detalları barədə açıqlama verilməyib.
2015-ci ilin əvvəlindən “Qəbələ”nin baş məşqçisi olan Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. “Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/17, 2017/18), 2 dəfə bürünc (2014/15, 2015/16) mükafat qazanan ukraynalı 2 dəfə kubokun finalına (2016/17, 2017/18) qədər irəliləyib.
Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən “Qəbələ” 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.