21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardeni” klubunun heyətində debüt edib.
Newsport.az-ın məlumatına görə, ötən həftə Tbilisi klubuna transfer olunan istedadlı futbolçu səfərdə “Dinamo” (Batumi) ilə matçda şans qazanıb.
Həmyerlimiz komanda ilə bir neçə məşq etməsinə baxmayaraq, özünü yaxşı tərəfdən göstərməyi bacarıb və bugünkü oyun üçün start “11-lik”də yerini təmin edib. Kutaisi şəhərində baş tutan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Şevardeni”nin yeganə qolunun vurulmasında Fəridin böyük əməyi olub. Belə ki, “Qəbələ Futbol Akademiyası”nın yetirməsi qol ötürməsi ilə yadda qalıb. Fərid ilk oyununu əvəzlənmədən keçirib.
Ümumilikdə, “Şevardeni” çempionluğa iddialı komanda ilə qarşılaşmada pis təsir bağışlamayıb. Tbilisi təmsilçisi qapısında iki qol buraxdıqdan sonra fəallaşıb və buraxılan toplardan birinin əvəzini çıxmağa nail olub. Komandanın hesabı bərabərləşdirmək üçün şansları olsa da, bunlardan yararlana bilməyiblər. Əvəzində “Dinamo” rəqibini əks hücumda yaxalayaraq, 90+3-cü dəqiqədə üçüncü qolunu vurub.
Qeyd edək ki, müqavilə ilə Çexiyanın "Slaviya" klubuna məxsus olan futbolçu "Şevardeni"də icarə əsasında çıxış edir.