“Çelsi” klubunun məşq kompleksindən yüksək texnologiyalı video avadanlıqların yoxa çıxması ilə bağlı Surrey polisinə müraciət daxil olub. Bu barədə İngiltərənin “The Sun” qəzeti məlumat yayıb.
Futbolçuların çıxışını və taktiki hazırlığını təhlil etmək üçün istifadə edilən avadanlıqlar klubun bəzi əməkdaşlarının hələ də yay məzuniyyətində olduğu vaxt itib. Ehtimala görə, avadanlıq başqa bir yerə köçürülüb və bütün işçilər qayıdandan sonra tapılacaq. Lakin itmiş avadanlığın yüksək qiyməti və ixtisaslaşmış olması “Çelsi”ni vəziyyətə ciddi yanaşmağa və tam araşdırma üçün polislə əlaqə saxlamağa məcbur edib. Təkmilləşdirilmiş video avadanlığın qiyməti 30 min funt sterlinqdir.
Əlavə edək ki, yeni mövsümün ilk oyununda “Çelsi” gələn bazar “Kristal Pelas”la qarşılaşacaq.