Yığmanın yeni kapitanı kim olsun? (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan Newsport.az saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 8-ci yazı

Kapitan dedikdə ağıla ilk gələn yüzlərlə, bəzən isə minlərlə insanı daşıyan gəminin istiqamətini müəyyənləşdirən və dolayısıyla bu qədər insanın həyatını etibar etdiyi şəxs olur. Yaxşı kapitan hər bir detalı nəzərə alır. Ekstremal vəziyyət yarananda, kəskin hava şəraitində belə səriştəni itirmir, gəmini zədəsiz-filansız mənzil başına çatdırır. Aysberqlə bol okeanlardan belə qəzasız çıxmaq lazımdır. Ona görə də əsl kapitanlar intiusiyası yüksək, soyuqqanlı, xarakterli, idarəetmə bacarığına sahib və liderlik keyfiyyətlərini özündə cəmləşdirən insanlardan olur. Hər adam bu vəzifəni daşıya bilməz.

Futbolda da belədir. Hər döşünə döyən, mənəm-mənəm deyən oyunçudan kapitan olmaz. Bunun üçün yuxarıda sadaladığımız məqamların böyük əksəriyyətini özündə toplamağı bacarmalıdır. Sözsüz ki, ilk növbədə kapitan seçimini edərkən baş məşqçi həmin keyfiyyətlərin hansı futbolçu(lar)da cəmləşdiyini tapmalıdır. Güclü kapitan komandasını ən çətin vəziyyətdə ruhdan düşməyə qoymayan, öz soyuqqanlılığını çiyin-çiyinə oynadığı yoldaşlarına daşımağı bacaran, bəzən insiativi üzərinə götürüb, qarşılaşmanın taleyini həll edə bilən futbolçudur. Kapitan həm də digər futbolçularla baş məşqçi və klub, federasiya rəhbərliyi arasında körpü rolunu oynayır. Tutaq ki, maaş gecikəndə və ya futbolçuların başqa problemləri olanda “yuxarılar”a çatdırır. Bir növ iki qütb arasında əlaqələndirici kimi çıxış edir.

Mövzunun məğzinə keçməzdən öncə qeyd edək ki, bir çox hallarda futbolda kapitan seçimi edərkən futbolçunun yaşı, oynadığı komandada uzun müddət forma geyməsi, komandadakı nüfuzu və fiziki, taktiki-texniki keyfiyyətləri nəzərə alınır.

İndi isə keçid alaq əsas və yığmamız üçün aktual olan məsələyə. Bilirsiniz ki, Rəşad Sadıqov yığma karyerasını Çexiya ilə son oyunda başa vurub. Ondan sonra komandamız bir görüş keçirdi. Almaniya ilə qarşılaşmada Rahid Əmirquliyev kapitan sarğısını qolunda daşıdı. Kapitanlıq sarğısının bir “Qarabağ”lıdan alınıb, digər “Qarabağ”lıya verilməsi millinin sabiq baş məşqçisi Robert Prosineçkinin, yoxsa AFFA rəhbərliyinin qərarı olduğunu deyə bilmərik. Prinsipcə, indiki məqamda bunu bilmək nəyisə dəyişmir. Burda əsas məsələ Rahidin bu sarğıya nə dərəcədə layiq olmasıdır. Kayzerslauterndə Almaniya ilə keçirilən matçda Əmirquliyevin himnimizi oxumaması çoxlu söz-söhbətə səbəb oldu. Əksəriyyət bunu dövlət rəmzinə qarşı hörmətsizlik kimi dəyərləndirdi. Çoxluq belə düşünür ki, kapitan bütün milli üzvlərinə örnək və vətənpərvər olmalı, deməli, himni ifa etməlidir. Bu səbəbdən Rahidi bu səhvinə görə bağışlamırlar. Deməli, yeni baş məşqçi Qurban Qurbanov həm də bu problemi həll etməlidir. Bəs o hansı futbolçuları kapitan və vitse-kapitan təyin edə bilər. 5-6 real namizədi nəzərdən keçirək.

Kamran Ağayev

Yaş amilini əsas götürsək, bu qapıçı hamını qabaqlayır. 31 yaşlı qolkiper həm də hazırda yığma karyerasını davam etdirənlər arasında ən çox bu formanı geyən oyunçudur. “Çərçivə” qoruyucusu 69 oyunla bu baxımdan liderlik edir. Üstəlik, komandada sözü keçən, futbolçuları daha aqressiv və diri oynamağa səsləyən motivatordur. Hərçənd burda bir əmma var. Bu yaxınlarda Qurban Qurbanov brifinqdə söylədi ki, meydanda və meydandan kənarda, şəxsi həyatında intizamlı, qalmaqallardan uzaq, rejiminə əməl edən futbolçuları yığmaya cəlb edəcək. Hamımız yaxşı bilirik ki, Ağayevin də əsas problemi budur. Kamranın xüsusən əcnəbi klublardan necə ayrılması ortadadır. Klubları əlcək kimi dəyişən qapıçının ciddi intizam problemləri var. Çalışdırıcı qolkiperi kapitan kimi görürsə, onunla ciddi söhbət eləməlidir. “Keşlə” ilə anlaşan Ağayev özünə türkün sözü çəki-düzən versə, daha məsuliyyətli olsa, o zaman sarğını qoluna taxa bilər.

Ruslan Abışov

Rəşad Sadıqovun yığma karyerasını bitirməsi kapitan problemi ilə yanaşı, stopper çatışmazlığını yaradıb. Bədavi Hüseynovla çiyin-çiyinə kim oynasın? Bu baxımdan Ruslan Abışovun şansları yüksək dəyərləndirilir. Uğursuz “Rubin” təcrübəsindən sonra qeyri-sabit çıxış edən müdafiəçi indi yenidən parladığı “Neftçi”də ötən günlərini qaytarmağa çalışır. Tərlan Əhmədovun baş məşqçi vəzifəsinə gətirilməsindən sonra oyununda irəliləyiş də hiss olunur. Bu gedişlə yenidən yığmada müntəzəm oynayacaq və əsas heyət üzvlərindən birinə çevriləcək. Necə ki Berti Foqtsun dönəmində belə idi. Ancaq o zaman dayaq yarımmüdafiəçisi kimi millinin şərəfini qoruyurdusa, Qurbanovun zamanında mərkəz müdafiəçisi kimi oynayacaq. O da kapitan və ya vitse-kapitan ola bilər. 30 yaşı var və əsas komandada 50 oyun keçirib. Hesabında 4 qol da var. Niyə də kapitan olmasın?!

Cavid Hüseynov

Yığmada sözü keçən futbolçulardan biri də Cavid Hüseynovdur. 2015-ci ilin avqustunda jurnalist Rasim Əliyevin qətlində günahkarlardan biri kimi həbs edildi. Həbsdən çıxdıqdan sonra əvvəlki formasını yaxala bilmir. “Qəbələ”də liderlik keyfiyyətlərini itirib. Meydanda aqressivliyi də bəzən komandasını çətin vəziyyətdə qoyur. Bu isə bir kapitana yaraşmayan şeylərdir. Düzdür, Prosineçkinin sevimli futbolçularından biri olduğundan yığmadan kənarda qalmırdı. Ancaq Qurbanov onu milliyə çağırmaya bilər. Hüseynov 2 il əvvəlki Cavid ola bilsə, bu, başqa məsələ. Bax o zaman yığmada 52 oyun keçirib, 2 qol vuran 29 yaşlı yarımmüdafiəçi kapitanlığı iddia edə bilər.

Əfran İsmayılov

Hərdən adama elə gəlir ki, bəzi futbolçular ağızlarıyla quş tutsalar da, tənqiddən yaxa qurtara bilməz. Necə deyərlər, adın çıxınca canın çıxsa yaxşıdır. Əfran da bu bədbəxtliklə üzləşib. İsmayılov son seçmə mərhələdə millinin bombardiri olsa da, bir neçə məhsuldar ötürmə versə də, yenə ən çox tənqid olunan futbolçuların başında gəlir. “Qarabağ”da güclü legionerlərlə rəqabətdə uduzduğu üçün Çempionlar Liqasında çox az oynadı. Ancaq yığmada oyun praktikasından korluq çəkmədi. Çünki o da Prosineçkinin sevimlilərindən sayılırdı. Adamın üstündə Allah var. O meydanda olanda çıxış etdiyi cinah fəal olur. Üzbəüz oynadığı müdafiəçini təzyiq altında saxlaya bilir. Effektiv ötürmələri var. Texnikası da tələblərə cavab verir. Əsas problemi çevik qərar verə bilməməsi və qol duyumunun zəif olmasıdır. İntizam baxımından problemi olduğunu deyə bilmərik. Qurban bəyin bəyəndiyi futbolçulardandır. Hər halda, uzun illər sərəncamında oynayıb və həm oyunçu, həm də insan kimi kapitanlıq keyfiyyətlərinə sahib olub-olmadığını hamımızdan yaxşı bilir. 29 yaşlı yarımmüdafiəçi 38 dəfə milli formanı geyinib və 5 qolun müəllifi olub.

Maksim Medvedev

Qurbanovun gözünün qabağında püxtələşən, peşəkar futbolçu kimi formalaşan futbolçulardan biri də Maksim Medvedevdir. Biz onu sağ cinah müdafiəçisi kimi tanımışıq. Ancaq stopper kimi də oynamağı da bacardığını görmüşük. 28 yaşlı “Qarabağ”lı indiyə kimi 42 dəfə yığmada oyun keçirib. Milli formada qol hesabını isə Norveçlə Bakıdakı qarşılaşmada açıb. Çox güman, zədə problemi yaşamasa, əsas komandanın daimi üzvü olacaq. Cinah müdafiəçiləri nadir hallarda oyunun gedişində əvəzlənir. Sadaladığımız məqamlar kapitan olmaq ehtimallarını artırır. Hətta sarğıya Maksimin başqalarından bir addım yaxın olduğunu da söyləyə bilərik.

Rahid Əmirquliyev

“Xəzər Lənkəran”da oynayanda çox sabit çıxış edirdi və liderlik keyfiyyətlərinə sahib idi. “Qarabağ”a keçdikdən sonra sanki bir qədər arxa plana keçdi. Bu komandada heyət zəngindir və rəqabət güclüdür. Daha çox çempionat və kubok oyunlarında meydana çıxmaq şansı qazanır. Əvvəlki formasından uzaqdır. Bu da oyun praktikasının azlığından irəli gəlir. Həqiqətdə yaxşı texnikası var, sürəti normaldır, güclü zərbələrə sahibdir. Di gəl ki, ünsiyyətcil deyil. Çox danışmağı sevmir. Bu isə kapitan olmağı əngəlləyən səbəblərdəndir. Hərçənd Qurbanov sarğının onda qalmasını üstün tutsa, buna təəccüblənməməliyik. Bəlkə Qurban hoca onun dilini açdı...

Bəs legionerlər?

Əksər klubların kapitanları yerli futbolçular olur. Çox vaxt da öz yetişdirdikləri oyunçuların kapitan olmasına üstünlük verirlər. Yığma üçün də eyni şeyləri söyləyə bilərik. Yığmamızda Riçard Almeyda, Dmitri Nazarov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və Arif Daşdəmirov kimi “milliləşdirilmiş” futbolçular var. Bu legionerlərdən ilk ikisi liderlik keyfiyyətlərinə sahibdir. Deməli, oyunun gedişində kapitan sıradan çıxsa və ya əvəzlənsə, vitse-kapitan funksiyasını yerinə yetirə bilər. Ancaq bunu azarkeşlər birmənalı qarşılamaya da bilər. Belə məsələlərdə futbol ictimaiyyəti və sıravi insanlar daha mühafizəkar olur.

Mütəxəssis rəyi

Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru: “Mənə elə gəlir ki, yığmanın kapitan sarğısı daim meydanda olan, həm oyunu, həm də xarizması ilə oyundaşlarının fövqündə dayanan, baş məşqçi və oyundaşları ilə ən xoş münasibətlər qurmağa qadir birisi olmalıdı. Təbii ki, yığmanın kapitanı ingilis dilində elementar biliklərə yiyələnsə, artıqlıq etməzdi. Kamran Ağayev, Rahid Əmirquliyev, Maksim Medvedev, Ruslan Abışov, Cavid Hüseynov və hətta Əfran İsmayılov da bu sarğını daşıya bilər. Məndən olsaydı, sarğını Cavidə və ya Maksimə verərdim. Ancaq çox güman, Qurban Qurbanov kapitanı dəyişməyəcək. Adını çəkdiyim altı futbolçudan hər biri vitse-kapitan ola bilər”.

Elçin Cəlilov, “Futbolpress.az” saytının baş redaktoru: Məncə, bunu ən yaxşı Qurban Qurbanov bilər. O hansını seçərsə, ən yaxşı variant o olacaq”.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right