Qətər 2029-cu ildə klublararası dünya çempionatını keçirmək istəyir.
Newsport.az xəbər verir ki, "The Guardian"ın məlumatına görə, Qətər nümayəndələri ABŞ-da keçirilən hazırkı turnir zamanı FIFA-nın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparıb və dörd ildən sonra növbəti turniri keçirmək istədiklərini bildiriblər.
Bildirilir ki, Qətər iqlimə zərər verməyən, istixana qazı emissiyası minimuma endirilmiş turnir keçirməyi təklif edib. Bu, hazırkı turnirlə ziddiyyət təşkil edir, çünki komandalar 11 şəhər arasında uçmalı olurlar. 2022-ci il dünya çempionatı üçün inşa olunmuş doqquz stadion Qətərin ixtiyarındadır, onlardan altısı hazırda ölkə çempionatının oyunlarına ev sahibliyi edir.
Qeyri-rəsmi müzakirələr zamanı turnirin Qətərdə keçirilməsi üçün ən real tarix kimi 2029-cu ilin dekabr ayı göstərilib.
FIFA artan marağı nəzərə alaraq turnirə ev sahibliyi etmək üçün rəsmi seçim prosesi keçirməyi planlaşdırır. Qətər bu yarışa ev sahibliyi etmək niyyətini açıqlayan dördüncü ölkədir.
Qeyd edək ki, Braziliya da ötən həftə çempionata ev sahibliyi üçün rəsmi olaraq namizədliyini irəli sürüb.