Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatına yekun vurulub.
Newsport.az-ın məlumatına görə, çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub. Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar da başa çatıb.
Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb. Yunan-Roma güləşi üzrə yarışlarında isə güləşçilərimiz 2 bürünc medal qazanıb. Kamran Məmmədov və Həsən Əliyev fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər. Millimiz Latviya səfərini ümumilikdə 8 medalla başa vurub.
71 kq
1/16 finaldan mübarizəyə qoşulan pəhləvanımız Həsən Əliyev ilk olaraq latviyalı Kristaps Kalnakarklisi mübarizədən kənarlaşdırıb – 8:0. Təmsilçimiz 1/8 finalda çexiyalı Yan Jijkaya da eyni aqibəti yaşadıb. Həsən Əliyevin 1/4 finaldakı rəqibi serbiyalı Aleksandr Maksimovilç olub. Güləşçimiz bu görüşü 1:3 hesabı ilə uduzub. Lakin Maksimovilç finala qədər irəlilədiyindən Həsən təsəlliverici görüşdə qüvvəsini sınayıb. O, isveçli Knut Zakarias Tallrothla qarşılaşıb. İsveçli güləşçini 8:1 hesabı ilə yolundan kənarlaşdıran idmançımız bürünc medal uğrunda türk güləşçi Yunus Özelle mübarizə aparıb. Rəqibinə heç bir şans verməyən idmançımız 8:1 hesablı qələbə qazanaraq, qitə birinciliyini bürünc medalla başa vurub.
75 kq
Elvin Mürsəliyev də mübarizəyə 1/16 finaldan başlayıb. O da Həsən kimi ilk görüşdə latviya güləşçisini xalçaya çıxmağa peşman edib. Pəhləvanımız Jevgenijs Kolcovsu 8:0 hesabı ilə yarışdan kənarlaşdırıb. 1/8 rusiyalı Çingiz Labazanovla qarşılaşan Elvin bu rəqibini də rahat keçib. Təmsilçimiz 1/4 finalda Aliaksandr Dzemyanoviçlə münasibətlərinə aydınlıq gətirib. 9:6 hesabı ilə qalib gələn Elvin yarımfinala vəsiqə əldə edib. O, final uğrunda gürcü Zurabi Datunaşvili ilə mübarizə aparıb. 1:3 hesabı ilə məğlub olan pəhləvanımız ümidini "bürünc"ə bağlayıb. O, medal uğrunda döyüşdə erməni Karpet Çalyanla güləşib. Həmyerlimiz bu görüşdə məğlub olaraq, turniri 5-ci pillədə bitirib.
80 kq
Bu çəkidə ölkəmizi təmsil edən Rafiq Hüseynov ilk görüşündə 1/16 finalda monteneqrolu Rafael Samurqaşevi məğlub edib – 4:0. Güləşçimiz 1/8 finalda belarusiyalı Pavel Paminç ilə mübarizə aparıb və 5:4 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb. Bu mərhələdə pəhləvanımız bolqar Daniel Aleksandrova uduzub - 4:8.
85 kq
İslam Abbasov ilk görüşündə polşalı Tadeusz Mixalikə uduzaraq mübarizəni erkən dayandırıb.